Hərəkət edən daşlar vadisi

13 Yanvar 2015 09:50 (UTC+04:00)

Gildən olan bu düzənlik Ölüm Vadisi Milli Parkının cənub hissəsində yerləşən qurumuş Reystrek-Playya gölünün dibidir. Burada baş verən maraqlı hallara görə oranı hərəkət edən daşlar vadisi adlandırırlar. Bu yaxınlara kimi heç bir alim iki-üç ildə bir dəfə qurumuş gölün dibi ilə hərəkət edən daşların hərəkətini izah edə bilməmişdi.

Sürüşən daşların böyük əksəriyyəti düzənliyə hündürlüyü 260 m olan Reystrek-Playya gölünün cənubundakı dolomit (mineral) təpədən tökülür. Daşların çəkisi bir neçə yüz kiloqrama çatır. Onların arxasında qalan izlərin uzunluğu onlarca metr olur.

Maraqlıdır ki, aşağı hissəsində çıxıntılar olan daşlar daha hamar izlər qoyur, yastı üzlü daşlar isə bir tərəfdən digər tərəfə hərəkət edir. Daşlar bəzən çevrilir ki, bu da onların izlərinin enində öz əksini tapır.

Alimlər hərəkət edən daşlar vadisi fenomenini təqribən XX əsrin ortalarından tədqiq edirlər. Hələlik daşların hərəkətini izah edən bir neçə fərziyyə irəli sürülüb. Bir qrup tədqiqatçı bu qeyri-adi təbiət təzahürünü geomaqnit sahələrin, digərləri isə iki amil- su və külək axınlarının təsiri ilə izah ediblər. Buna baxmayaraq, indiyə kimi alimlər daşların hərəkəti barədə vahid fikrə gələ bilməyiblər.

Daşların hərəkət mexanizmi ilə bağlı son elmi iş 2014-cü ildə PLOS elmi-tədqiqat layihəsi çərçivəsində dərc edilib. Alimlər bir neçə daşı GPS-ötürücülər və fotokameralarla təchiz edərək gölün dibinə yerləşdiriblər. Məlum olub ki, daşların hərəkətinə gecə şaxtaları zamanı əmələ gələn onlarla kvadrat metr sahəsi olan nazik buz sahələri (adi pəncərə şüşəsi qalınlığında) səbəb olur. Külək və su axını sayəsində bu üzən buz, sanki, buz altında daşları dəqiqədə iki-beş metr sürətlə hərəkət etdirir.