Fermerlərimiz Rusiya bazarlarından vaz keçirlər

14 Yanvar 2015 09:15 (UTC+04:00)

Rus rublunun dəyərinin getdikcə aşağı düşməsi azərbaycanlı fermerlərin şimal qonşumuza ixrac etdikləri məhsulun miqdarının azalması iəl müşayiət olunur. indi aqrar məhsulların böyük əksəriyyəti əvvəlki dövrlər müqayisədə daha az həjmdə Rusiyaya satılır. Məsələn, rublun dəyərdən düşməsi Qubada almanın satışına ciddi təsir göstərib. Dərim zamanı alıcılıq qabiliyyəti yaxşı olan almanın indi qiyməti xeyli ujuzlaşıb. Bağbanların sata bilmədikləri üçün həyətlərinə yığıdıqları məhsul isə xarab olur.

Hazırda Qubada kəndlərdə 30 min tona yaxın alma saxlanılır. Həmin almalara baxdıqda aydın görmək olur ki, bu almaların keyfiyyəti həqiqətən yüksəkdir. Amma həyətlərdə qalan alma günü-gündən çürüyərək məhv olur. Qeyd edək ki, bağbanlar dərim zamanı məhsulu çeşidləyirlər. Əla növ alma əsasən Rusiya bazarına çıxarılır. İndi isə rublun dəyəri kəskin endiyindən Rusiyaya meyvə göndərmək heç kəsə sərf etmir. Bəzi təsərrüfat sahibləri bu mövsüm nəinki gəlir götürə, hətta bağa çəkdikləri xərci çıxara bilməyiblər. Qeyd edək ki, Qubada movcud 12 min 916 hektar alma bağından 110 min tondan çox məhsul tədarük olunub. Həmin meyvənin indiyədək təxminən 60 min tonu satılıb, 20 min tonu rayondakı 14 soyuducu anbara yığılıb. Həyətlərdə qalan 30 min ton almanın necə olacağı isə hələ bilinmir.

Ekspert Natiq Cəfərlinin fikrincə, əlavə alternativ bazarlar olmalıdır ki, Azərbaycan fermeri ziyana düşməsin: "Rusiya bazarına çıxışın çətinliyi təbii ki, rus rublunun kursunun stabil olmamasıdır. Fermer Rusiyanın daxili bazarında öz məhsulunu rublla satdığından, kurs isə tez-tez oynadığından, satıcı hansı qiymət qoyacağı və bunun ona ziyan və yaxud gəlir gətirəcəyini artıq öncədən hesablaya bilmir. Ona görə də, Rusiya bazarına Azərbaycan meyvəsinin çıxarılmasında ciddi şəkildə azalmalar var. Bu da təbii ki, daxili bazarda gərginliyi bir qədər artırıb. Belə vəziyyətdən çıxış yolları alternativ bazarların olmasından keçir. Azərbaycan öz məhsulunu tək Rusiya bazarına yönəltməyə istiqamətlənməməlidir. Başqa bazar və digər regionlara da çıxış yolları əldə etməli və istiqamətdə çalışmalıdır. Yanımızda ən azından Asiya kimi məhsul üçün ac bir bazar var. Məhsulun həmin bazarlara çıxışını asanlaşdırmaq üçün fermerlərə loqistik və maliyyə dəstəyi göstərmək lazımdır. Ümumiyyətlə, çoxşaxəli xarici ticarət konsepsiyasına keçilməlidir ki, təkcə Rusiya bazarı üzərində fokslaşan fermer təsərrüfatları yaradılmasın. Bu, çox önəmli məsələ olsa da, təəssüf ki, illərdir, ona az önəm verilib. Daxildə emal müəssisələrinin sayının artırılması və onların emal etdiyi məhsulun gələcəkdə xarici və daxili bazarlara çıxardılması üçün də müəyyən addımlar atılmalıdır. Fermerlərə dəstək məqsədilə Kənd Təsərrüfatı Nazirliyi fermerlərin əlindəki məhsulun zay olmaması üçün xaricdə bazarlar axtarmaq kimi missiya ilə də çıxış edə bilər. Bu istiqamətdə stimul yaradılmasa, gələcək illərdə vəziyyət daxildə bazarda məhsul qıtlığı və qiymət artımı ilə müşahidə oluna bilər. Ona görə fermerlərə dövlət və müvafiq qurumlar tərəfindən ciddi çəkildə dəstək olmaq lazımdır".

Kənd təsərrüfatı üzrə mütəxəssis Ənvər Əliyev problemdən çıxış yolunu daxili bazarın nizamlanmasında görür: "Rusiyadakı hadisələr fonunda Azərbaycan fermerlərinin öz məhsullarını burada sata bilməməsi daxili bazarın nizamlanmasına aid problemdir. Azərbaycan əhalisi o qədər də az deyil ki, yetişdirdiyi meyvə yerdə qalsın. Həmçinin, kənardan gətirilən və çoxu da geni dəyişdirilmiş meyvə məhsulunun həcmini aşağı salmaqla, indiki situasiyada Rusiya bazarına çıxmağın sərf etmədiyi bu məhsulların daxildə realizə edilməsinə nail olmaq olar. Kənara arxayın olmaqla, iqtisadiyyat və siyasəti formalaşırmaq olmaz. Əslində, Azərbaycan elə təbii şəraitə malikdir ki, onun belə problemləri olmamalıdır".