Şimalda azərbaycanlılara problem yaradanların məkrli niyyətləri üzə çıxır

15 Yanvar 2015 09:40 (UTC+04:00)

Son dövrlərdə Dərbənddə yaşayan soydaşlarımızla bağlı baş verən proseslər getdikcə daha çox diqqət cəlb edir. Soydaşlarımız sosial problemlərinin həll olunmamasından, onlara qarşı biganəlikdən narazılıq edirlər. Yaranmış vəziyyətlə bağıl etiraz aksiyaları da keçrilib. Onlar Dərbənd şəhər meri İmam Yaraliyevin istefasını tələb edib. Dərbənd azərbaycanlıları bu şəhərdə Nizami Gəncəvinin heykəlinin yandırılması, Sovet İttifaqı Qəhrəmanı Şəmsulla Əliyevin heykəlinin sındırılması, tanınmış din xadimi Seyid Mir Qafar ağanın qəbrinin təhqir edilməsinə görə şəhərin meri Yaraliyevi suçlayırlar. .

Aksiya iştirakçıları qenyd olunduğu kimi şəhər merindən üzləşdikləri sosial problemlərin həll edilməsini də tələb edirlər. Onlar bu tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə öncə Mahaçqaladakı "Ağ Ev"in qarşısına, oraya baxmayacaqları təqdirdə Kremlə gedəcəklərini söyləyiblər.

Dünya Azərbaycanlıları Konqresinin Mərkəzi Aparatının rəhbəri, Beynəlxalq Diaspor Təşkilatının sədr müavini Samir Adıgözəlli məsələ ilə bağlı qeyd edir: "Dərbənd şəhəri etnik azərbaycanlılar yaşayan bir şəhərdir. Son 3 ildə bu şəhərə 6 dəfə səfər etmişəm. Son olaraq keçən ilin noyabrın sonunda Dərbənddə oldum. Burada olarkən azərbaycanlılara məxsus ziyarətgahlar, qədim abidələrlə tanış oldum. Məsələ ondadır ki, bu gün Dərbənd kifayət qədər baxımsız hala salınıb. Ümumiyyətlə, Rusiyanın ən geridə qalan subyektlərindən biri Dağıstandır. Bölgədə kriminogen durum gərgin vəziyyətdədir. Eyni zamanda, təəssüf ki, xarici kəşfiyyat qurumları və Rusiya daxilində proseslərdə maraqlı olan qüvvələrin bilavasitə müdaxiləsilə həmin regionda xalqlar arasında daim çaxnaşmalar salırlar. Bu hal indinin məsələsi deyil. Dərbənddə sırf etnik azərbaycanlılara qarşı da müəyyən qüvvələr tərəfindən daim xusüsi bir təxribatlar olur. 20 yanvar hadisələri baş verəndə Dərbəndin bütün əhalisi dəmir yoluna tökülüb, tunelləri bağlamışdılar. Dərbənddən bu zaman bir rus əsgəri imkan taparaq Bakı istiqamətinə keçə bilmirdi. Dərbənd daimi olaraq Azərbaycanın müstəqilliyi və varlığı üçün xüsusi vuran nöqtələrindən biridir. Burada müxtəlif zamanlarda olduğu kimi bu gün də daim çalışırlar ki, məzhəb baxımından qarşıdurmalar yaratsınlar. Hətta bəzən İranın bəzi dini dairələri orada da Azərbaycana qarşı müəyyən təxribatlara çalışıblar. Dərbəndin mərkəzində yerləşən Heydər Əliyev prospektinin yaradılması da müəyyən antiazərbaycan qüvvələrini narahat edib. Orada yaşayan xalqımız həmin qüvvələrə qarşı da etirazını ortaya qoyub. Ümumiyyətlə, burada cərəyan edən hadisələr daim Azərbaycan hakimiyyətinin diqqət mərkəzindədir. Azərbaycanın şimalında müəyyən təxribatla məşğul olan qüvvələr məhz Dağıstan ərazisindən qidalanırdılar. Bu baxımdan da Azərbaycan ora xüsusi diqqət yetirməlidir. Dərbəndi yaddan çıxarmamalıyıq, onlarla işləməliyik. Azərbaycanın milli bayramlarını orada da xüsusi təmtəraqla qeyd etməliyik. Orada son zamanlar soydaşlarımıza qarşı baş verən hadisələr əvvəllər də olduğu kimi, Azərbaycanın mövcudluğunu həzm edə bilməyən dairələrdən qaynaqlanır".