Buraxılış və qəbul imtahanlarında əsas yeniliklər açıqlandı

15 Yanvar 2015 17:15 (UTC+04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu il buraxılış və qəbul imtahanlarında gözlənilən əsas yenilikləri açıqlayıb. TQDK-nın mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, ümumtəhsil müəssisələrinin 11-ci sinfində təhsil alan şagirdlərin biliyinin yekun qiymətləndirilməsi (buraxılış) imtahanında müəyyən dəyişiklik edilib. 2015-ci ildən buraxılış imtahanında XI sinif şagirdlərinin biliyi iki yox, üç fəndən yoxlanılacaq. Bütün şagirdlər ana dili, riyaziyyat və xarici dil fənlərindən imtahan verəcəklər. Xarici dil fənninin tədris olunmadığı məktəblərin məzunları isə kimya fənnindən imtahan verəcəklər. Hər fənn üzrə şagirdlərə 30 test tapşırığı təqdim olunacaq. Ali və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul qaydalarında da müəyyən dəyişikliklər edilib.

Belə ki, 2015-ci ildən etibarən 11-ci sinfi bitirən məzunların ali təhsil müəssisələrinin III və IV ixtisas qruplarının xüsusi qabiliyyət tələb edən ixtisaslarına və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbulu buraxılış imtahanlarının nəticələrinə əsasən aparılacaq.

Bu barədə daha ətraflı məlumat "Abituriyent" jurnalının cari ildə birinci nömrəsində təqdim olunacaq.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında ali təhsil müəssisələrinə qəbul imtahanlarında dörd ildir ki, açıq tipli test tapşırıqları tətbiq edilir. Testologiyada belə tapşırıqlar qəbul proqramını daha dərindən mənimsəmiş, riyazi təfəkkürü və analitik təhlil qabiliyyəti güclü olan abituriyentlərin hazırlıq səviyyəsini bir-birindən fərqləndirmək üçün nəzərdə tutulub.

Qəbul imtahanlarında 2010-2014-cü illərdə hər ixtisas qrupunda iki fəndən açıq tipli test tapşırıqlarından istifadə olunub. 

TQDK-da fəaliyyət göstərən elmi-metodiki seminarlarda dəfələrlə açıq tipli test tapşırıqlarının sayının artırılması təklifləri səslənib. Bunları nəzərə alaraq, 2015-ci ilin qəbul imtahanlarında uyğunluğu müəyyən etmək tapşırıqlarının sayının bir ədəd azaldılması və hər ixtisas qrupunda üçüncü bir fəndən açıq tipli test tapşırıqlarının istifadəsi planlaşdırılır.

Qəbul imtahanlarında 2015-ci ildə hər ixtisas qrupunda üç fənn üzrə hər birində dörd ədəd açıq tipli test tapşırığının istifadəsi nəzərdə tutulur. Belə ki, I ixtisas qrupunda riyaziyyat, fizika və kimya; II ixtisas qrupunda riyaziyyat, coğrafiya və ana dili; III ixtisas qrupunda riyaziyyat, tarix və ana dili; IV ixtisas qrupunda isə riyaziyyat, kimya və biologiya fənlərindən açıq tipli test tapşırıqları təqdim ediləcək. İmtahanın məzmunu ilə bağlı tətbiq olunan bu yenilik test bloklarının mürəkkəblik dərəcəsinə təsir etməyəcək.

Sual kitabçaları formalaşdırılarkən son illərdə olduğu kimi, test tapşırıqlarının mürəkkəblik dərəcəsinə görə sayları dəyişməyəcək. Bu yeniliklə bağlı "Abituriyent" jurnalının birinci nömrəsində model testlər dərc olunacaq.