“Suriya və Livan qaçqınları Ermənistanın demoqrafiyasını xilas edə bilməyəcəklər”

31 İyul 2012 08:45 (UTC+04:00)

Məlum olduğu kimi, Ermənistan hökuməti Suriyada və Livanda yaşayan həmvətənlərinin Ermənistan vətəndaşlığını ala bilmələri üçün prosedurların sadələşdirilməsi ilə bağlı qərar qəbul edib. Ermənistan tərəfindən görülən belə tədbirlərin bu ölkənin demoqrafik problemlərdən qurtulmasına kömək edib-etməyəcəyinə gəlincə, Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Gün.Az-a müsahibəsində qeyd edib: "Dünyanın müxtəlif ölkələri, xüsusilə Avropa dövlətləri belə metodlara artıq əl atıblar. Xüsusilə, bu metodlar Almaniyada geniş istifadə olunmaqdadır. Lakin bütün bu tədbirlər və həyata keçirilən metodlar, demək olar ki, demoqrafik vəziyyətin nizamlanması məsələsində hər hansı bir rol oynamır.

Başqa sözlə desək, miqrasiya bu və ya digər ölkədə yaranmış demoqrafik problemin yoluna qoyulması ilə əlaqədar ümidləri doğrultmur. Daha doğrusu, Ermənistan bununla ölkədə getdikcə dərinləşən demoqrafik bataqlıqdan qurtula bilməyəcək. Buna görə də, Ermənistana hətta Suriyadan və Livandan müəyyən sayda ermənilər axışıb gəlsə belə, bu onu demoqrafik böhrandan xilas edə bilməyəcək.

Bundan əlavə, Suriyadan və Livandan Ermənistana köçməyə ehtimal ki, razılıq verəcək erməni kontingentinin tərkibi də şübhə doğurur. Güman ki, Suriyada yaşayan ermənilər Ermənistana orada başlayan müharibə səbəbindən köçməyə başlayacaqlar. Lakin axı Ermənistanın özündə vəziyyət Suriyadan da pisdir. Buna görə də, mən Suriyada və Livanda, yaxud digər dünya ölkələrində yaşayan ermənilərin Ermənistana daimi yaşamaq üçün gələcəklərinə şübhə edirəm".

Hadi Rəcəbli SalamNews-a açıqlamasında isə tələbə yataqxanaları ilə bağlı məsələyə də toxunub.

O qeyd edib ki, Azərbaycanda tələbələrin sosial vəziyyətinin yaxşılaşdırılması üçün əvvəlcə universitetlər tələbə yataqxanaları ilə təmin olunmalıdır.

Onun sözlərinə görə, hər il olduğu kimi, bu il də bəzi "iş adamları" paytaxtda mənzil kirayəsi bazarında qiymətləri qaldırır, bu isə tələbələrin Bakıda təhsil almaları üçün sosial baxımdan çətinlik yaradır. Bu da müəyyən qədər ölkədə təhsilin inkişafına mənfi təsir göstərir.

Komitə rəhbəri deyib: "Düzdür, Bakıda yerləşən dövlət universitetlərinin əksəriyyətinin (Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti və digərləri) yataqxanaları var. Amma onların böyük hissəsində qaçqın və məcburi köçkünlər məskunlaşıb. Belə olan halda, əlbəttə, hazırda bu haqda danışmaq hələ tezdir. Amma tədricən tələbələrin yataqxanaları boşaldılır. Hesab edirəm ki, sözügedən yataqxanalar boşaldıqdan sonra binalar təmir olunmalı və ya onların yerində yenisi tikilməlidir".

O bildirib ki, bu gün tələbə yataqxanaları bütün dünyada olduğu kimi, Azərbaycanda da pulludur. "Amma bu məbləğ tələbənin sosial vəziyyətinə təsir edəcək səviyyədə deyil. Fikrimcə, nəzər saldığımız məsələ ölkədə tədricən həllini tapacaq", - Hadi Rəcəbli deyib.