ABŞ-ın nüfuzlu nəşri 20 Yanvar faciəsi haqda məqalə dərc edib
17 Yanvar 2015 15:07 (UTC+04:00)
ABŞ Konqresinin ən nüfuzlu nəşri olan, senator və konqresmenlər,
xarici siyasət ekspertləri və geniş ictimaiyyət tərəfindən mütəmadi
olaraq izlənən "The Hill" qəzetinin 16 yanvar 2015-cü il tarixli
sayında Azərbaycanın Los-Ancelesdəki baş konsuluNəsimi
Ağayevin məqaləsi dərc olunub.
Konsulluqdan verilənMovqe.az xəbər verir ki , məlumata
görə, "Qara Yanvar və haqsız yerə verilmiş Nobel Sülh Mükafatı"
başlıqlı məqalədə 25 il öncə baş vermiş qanlı 20 Yanvar
hadisələrindən və Azərbaycan xalqının öz azadlığı uğrunda apardığı
mübarizədən bəhs edilir.
Həmin hadisələr zamanı, Sovet qoşunları tərəfindən böyük sayda
günahsız insanın amansızcasına qətlə yetirildiyini bildirən
müəllif, ümummilli Lider Heydər Əliyevin faciədən dərhal sonra
Moskvadakı Azərbaycan SSR-nin nümayəndəliyinə gedərək, qətliamı
kəskin şəkildə pislədiyini, bunun isə Azərbaycan xalqının azadlıq
mücadiləsini daha da ilhamlandırdığını qeyd edir.
Həmçinin, baş konsul mühüm bir fakta diqqət çəkərək bildirir ki,
1990-cı ilin 15 oktyabrında Nobel Sülh Mükafatı Komitəsi bəlkə də
öz tarixində ən qeyri-adi qərarını verərək, Sovet İttifaqının
prezidenti Mixail Qorbaçovu Nobel Sülh Mükafatına layiq görmüşdü.
Müəllif vurğulayır ki, bununla, mükafatın verilməsindən çox deyil –
10 ay əvvəl M.Qorbaçovun birbaşa əmrilə Bakıda törədilmiş Qara
Yanvar qətliamını "unudan" Komitə, əli yüzlərlə günahsız
azərbaycanlının qanına batmış bir şəxsi mükafatlandırmışdı.
N.Ağayev digər bir maraqlı tarixi faktı da vurğulayaraq qeyd edir
ki, Alfred Nobel və onun qardaşlarının Bakı neftindən əldə
etdikləri böyük sərvət olmasaydı, 1901-ci ildə Nobel mükafatının
təsisi mümkün olmazdı. Müəllif əlavə edir: "Ancaq A.Nobel
təsəvvürünə belə gətirə bilməzdi ki, təsis etdiyi bu mükafat bir
gün həmin Bakını qan çanağına çevirmiş şəxsə veriləcək".
Diplomat, həmçinin, müstəqilliyinin bərpasından keçən dövr ərzində
Azərbaycanın sürətlə inkişaf etdiyini, siyasi və iqtisadi
mövqelərinin həm regional, həm də qlobal səviyyədə möhkəmləndiyini
qeyd edərək, ölkəmizin müstəqilliyinin güclü və dönməz olduğunu
diqqətə çatdırır.
Məqalə ilə bu linkdə tanış olmaq olar:
http://thehill.com/blogs/congress-blog/foreign-policy/229674-black-january-and-an-unwarranted-nobel-peace-prize