Fiziki şəxslərin əmlak vergisi 3 dəfə artırıla bilər

31 İyul 2012 08:48 (UTC+04:00)

Danılmaz həqiqətdir ki, bazar iqtisadiyyatı şəraitində dinamik inkişafı şərtləndirən əsas amillərdən biri də mükəmməl vergi siyasətidir. Azərbaycanda da sözügedən siyasətin uğurla həyata keçməsində mütəmadi olaraq lazımi addımlar atılır. Belə bir vaxtda isə "Fineko" agentliyi tərəfindən yayılan məlumata görə, fiziki şəxslərdən tutulan əmlak vergisinin 3 dəfə artırılmasına dair təklif hazırlanıb.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov da fiziki şəxslərin əmlak vergisinə əlavə və dəyişiklərin edilməsinə ehtiyacın olması qənaətindədir: "Çünki praktiki olaraq fiziki şəxslərin əmlak vergisi ilə bağlı problem yalnız vergi dərəcələri ilə bağlı deyil. Eyni zamanda fiziki şəxsin əmlak vergisinin hesablanma qaydalarında, eləcə də onların vergidən azad və cəlb edilmə hissəsində də problemlər var. O baxımdan fiziki şəxslərin əmlak vergisinə birmənalı şəkildə baxılması vacib məsələlərdən biridir. Baxmayaraq ki, fiziki şəxslərin əmlak vergisi Vergi Məcəlləsi ilə tənzimlənsə də, burada bir sıra çatışmazlıqlar var. Əvvəla Vergi Məcəlləsinin 198 - ci maddəsinə görə, dəyəri 5 min manata qədər olan əmlak vergiyə cəlb edilmir. 5 min manatdan çox olan əmlakın məbləğində isə 0.1 faiz həcmində əmlak vergisi hesablanır. Burada problem ondan ibarətdir ki, dünyada qəbul edilən praktikada birotaqlı mənzillər əmlak vergisinə cəlb edilmir. Praktiki olaraq əmlak vergisinə cəlb edilməyən məbləğ Bakıda bir otaqlı mənzilin məbləğinə uyğun olmalıdır. Həm də nəzərə alsaq ki, Azərbaycanda praktik olaraq 5 min manata mənzil almaq mümkün deyil. O baxımdan vergidən azad olunmayan hissə dünya praktikasını əks etdirmir. Ona görə də vergidən azad olunmayan hissənin artırılmasına ehtiyac var. İndiki halda nəzərə alsaq ki, Bakıda mənzillərin qiyməti yüksəkdir. O baxımdan bu rəqəmin Bakıda birotaqlı mənzilin orta qiymətinə qədər artırılmasına ehtiyac var. Şəhərdə birotaqlı mənzilin qiyməti təxminən 30 min manatdır. Ona görə də vergidən azad edilməyən hissənin 5 min manatdan 6 dəfə artırılaraq 30 min manata qədər çardırılmasına ehtiyac var. Çünki əmlak vergisinin hesablanması yerli birjaya alınması qaydası ilə bağlıdır. Belə ki, Vergi Məcəlləsinin 200-cü maddəsinə əsasən, əmlak vergisi bələdiyyələr tərəfindən saxlanılır və yerli bələdiyyə büdcəsinə aiddir. Əmlak vergisinin hesablanmasıyla bələdiyyələr məşğul olduğu kimi bu o deməkdir ki, əslində burada bir problem var. Problem ondan ibarətdir ki, vətəndaşlar malik olduğu əmlaka görə həm ev pulu ödəyirlər, həm də əmlak vergisi ödəmək məcburiyyətində qalırlar. Praktiki olaraq evə və əmlaka görə vətəndaş ikili vergi ödəyir. Bu da təbii ki, bütövlükdə vergiyə cəlb etmənin tərkibinə ziddir. Ona görə də vətəndaş ya əmlak, ya da ev pulu ödəməlidir. Çünki bunlar praktiki olaraq oxşar ödənişlər sayılır".

Ekspertin sözlərinə görə, digər boşluq isə əmlak vergisinin saxlanması qaydası ilə bağlıdır: "Əmlak vergisi mənzilin inventar dəyərinə əsasən hesablanır. Bu isə o deməkdir ki, qeydiyyatsız evlərin əmlak vergisinə cəlb edilməsinə imkan yoxdur. Çünki qanunla qeydiyyatsız evlərin inventar dəyəri hesablana bilinmir. O baxımdan əmlakın qiymətinin heablanmasının mexanizminin dəyişilməsinə ehtiyac var. O ki, qaldı əmlak vergisinin üzərindən verginin atılması ilə bağlı, buna lüzum yoxdur. Çünki 0.1 faizlə tətbiq edilən vergini praktiki olaraq bələdiyyələr yığa bilmirsə, o zaman vergi dərəcəsinin artırılması heç bir vergi ödəyicilərinin sayına və ya vergi bazasının genişlənməsinə imkan verməyəcək. O baxımdan indiki halda əmlak vergi dərəcəsinin artırılmasından daha çox məhz əmlak vergisinin hesablanması qaydasının, vergiyə cəlb olunmayan hissənin dəyişdirilməsi, eləcə də vergi ödənilməsi mexanizminin təkmilləşdirilməsinə ehtiyac var. Əgər bu təkmilləşmə aparıldıqdan sonra növbəti mərhələdə əmlak vergisinin dərəcəsinə baxılması mümükündür. Ancaq indiki halda əmlak vergisinin hesablamada və büdcəyə ödənilməsi qaydaları dəyişməyincə, vergi dərəcəsinin dəyişdirilməsi arzu olunan deyil".