Ermənistanda yeni qarşıdurma
19 Yanvar 2015 13:05 (UTC+04:00)
Ermənistanın Gümrü şəhərində rus hərbçilərinə
qarşı etiraz artır.
Movqe.az xəbər verir ki, ANS PRESS-in Ermənistan
mətbuatına istinadən verdiyi məlumata görə, ötən gün erməni
polisinin Gümrüdə iki sərxoş rus hərbçisini saxladığı haqda məlumat
yayılıb. Ermənistanın "Qala" telekanalı əməkdaşı iki sərxoş rus
hərbçisinin bir-birilə dava etdiyini və mülki geyimdəki erməni
polisin onları saxlayaraq polis bölməsinə apardığı məlumatını
verib.
Sonradan Polis bölməsi xəbəri təkzib edərək rus
hərbçilərin 102-ci bazada olduqlarını bildirsə də Ermənistanın
"Aykakan Jamanak" qəzeti hadisənin həqiqətən baş verdiyini və
şəhərdə yerli sakinlərlə rus hərbçilər arasında narazılığın
getdikcə artdığını yazıb. Gümrü şəhərinin meri Samvel Balasanyan da
102-ci hərbi bazanın komandanlığına müraciət edərək hərbi hissədə
daxili nizam-intizamı möhkəmləndirməyə çağırıb. Onun müraciəti
Gümrüdə yerli sakinlərlə rus hərbçilər arasında münasibətin heç də
ürəkaçan olmadığnın göstəricisidir.
Qeyd edək ki, 12 yanvar tarixində Valeriy
Permyakov hərbi hissəni özbaşına tərk edərək silahla şəhərə gedib
və evlərində yatan Avenisyan ailəsinin 2 yaşlı uşaq olmaqla 6
üzvünü qətlə yetirib. Sağ qalan 6 aylıq uşaq sinəsində süngü
yaraları ilə xəstəxanaya yerləşdirilib. Onun üzərində cərrahiyə
əməliyyatı keçirilib.