Qanunsuz ovçular cərimələndi

19 Yanvar 2015 17:01 (UTC+04:00)

01-15 yanvar 2015-cü il tarixlərində ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən 01-15 yanvar 2015-cü il tarixlərində ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.

Nazirlikdən Movqe.az-a verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 80 akt və protokol tərtib olunub. Nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 7 müddətli "məcburi göstəriş" verilib.

Ümumilikdə, 34 iş üzrə 57100 manat məbləğində cərimə tətbiq edilib. Ətraf mühitə dəymiş ziyana görə 9 iş üzrə 869,9 manat məbləğində iddia qaldırılıb. Ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 227 iş üzrə 34731 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 14, icra qurumlarına isə 13 iş göndərilib.