Düşmən cəbhədə daha böyük itkilərə məruz qalır

20 Yanvar 2015 10:02 (UTC+04:00)

Ötən il ermənilər atəşkəs rejimini 4173 dəfə pozublar. Cari ildə də atəkəş pozuntuları davam etməkdədir. Təkcə 18-19 yanvar tarixində ermənilər cəbhədə atəşkəs rejimini 115 dəfə pozublar. Bu il həmçinin ermənilərin diversiya hücumlarının sayında da artımlar var. Hər dəfə də düşmən ciddi itki verərək geri oturdulur.

Əksər siyasi təhlilçilər hesab edirlər ki, Ermənistan hakimiyyəti atəşkəsin pozulması ilə daxildəki gərginliyi cəbhəyə yönəltməyə çalışır. Sosial-iqtisadi vəziyyətin ağırlaşması, bir tərəfdən də Rusiyanın 102-ci hərbi bazasının əsgəri Valeri Permiyakov törətdiyi məlum qətl olayı daxildəki gərginliyi bir qədər artırıb. Bu fonda diqqəti yayındırmaq üçün Ermənistan hakimiyyəti ona ağır itkilərə başagəlsə belə, cəbhədə lokal, qısamüddətli hərbi əməliyyatlara baş vura bilər.

Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri bildirir ki, atəşkəsin pozulması bütün zamanlarda erməni tərəfinin günahı ucbatından baş verir: "Bütün zamanlarda məhz status-kvonu saxlamaq üçün müxtəlif bəhanələrlə atəşkəs pozub, yaxud da müxtəlif hərbi təxribatlar törədiblər. İndiki şəraitdə də atəşkəsin tez-tez pozulması, müxtəlif hərbi təxribatların törədilməsi məhz Ermənistandakı daxili vəziyyətə hesablanıb. Çünki, bu gün Ermənistan daxilində ictimai-siyasi vəziyyət çox gərgindir. Hazırda hakimiyyət çox pis durumdadır. Çünki, son hadisələrdə Serj Sarkisyan hakimiyyəti erməni ictimaiyyətinin gözündən bir qədər də düşdü. Bu hakimiyyətin nə qədər yaramaz və Rusiyanın qulu olduğu birmənalı olaraq bir daha ortaya çıxdı. Ermənistanda əvvəllər erməni ailəsini məhv edən rus əsgərinin təhvil verilməsini və Ermənistanda ittiham olunmusını istəyirdilərsə, artıq etiraz aksiyalarda Sarkisyanın da istehfasını tələb edən şüarlar səsləndirilir. Etirazlarda siyasi notlar da ortaya çıxıb. Sarkisyanın istefası tələb olunur. Məhz indiki şəraitdə erməni cəmiyyətinin diqqətini bu məsələlərdən başqa istiqamətə yönəltmək üçün belə hərbi təxribatlara, atəşkəsin pozulmasına, yaxud da əskər ölümünün olmasına yönəltmək lazımdır. Bu gün cəbhədə də bunlar baş verməkdədir. Son zamanlar erməni mediası bir neçə dezfinformasiya yaymaqla erməni cəmiyyətinin diqqətini tamamilə başqa istiqamətə yönəltmək istədi. Amma alınmadı. Bunun ardınca artıq bəlli oldu ki, Valeri Permyakovu Ermənistan məhkəməsi yox, ruslar mühakimə edəcəklər. Ona görə də indiki şəraitdə erməni cəmiyyətinin diqqətini başqa istiqamətə yönəltmək lazımdır. Odur ki, daxildə vəziyyət gərginləşdikcə, cəbhədə də vəziyyətin daha çox gərginləşəcəyini gözləmək olar. Çünki, Sarkisyan hakimiyyətinin əlində başqa cəlbedici mexanizmlər yoxdur. Ermənistanda müəyyən iqtisadi, siyasi yüksəlişin baş verməsi bu gün möcüzə kimi görünür. Bu, mümkün deyil. Dram rublla bərabər gündən-günə dəyərdən düşür. İinsanların iqtisadi vəziyyəti pisləşdikcə Sarkisyan hakimiyyəti nəsə etməlidir. Onların isə ancaq və ancaq cəbhədə bu cür təxribatlar törətməklə camaatı qorxu içində saxlamaqdan, diqqətini yayındırmaqdan başqa yolları qalmayıb. Odur ki, bundan sonra hətta qısamüddətli döyüşlər də keçirilə bilər".