Smart-kart sayğacların quraşdırılması davam etdirilir

19 Yanvar 2015 18:02 (UTC+04:00)

"Azərsu" ASC-nin Mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə,İstehlakçılara verilən içməli suyun dəqiq uçotunun aparılması, ödəniş səviyyəsinin yüksəldilməsi, debitor borc probleminin aradan qaldırılması, israfçılığın və su itkilərinin qarşısının alınması məqsədilə ön ödənişli (smart-kart tipli) su sayğaclarının quraşdırılması istiqamətində işlər 2014-cü ildə intensiv qaydada davam etdirilmişdir.

İl ərzində "Azərsu" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı şəhəri və Abşeron yarımadasında, eləcə də regionlarda 142 min ədəd smart-kart tipli su sayğacı quraşdırılmışdır. Quraşdırılmış sayğacların 134 min ədədi əhali, 8 min ədədi isə qeyri-əhali qrupunun payına düşür.

Hesabat dövründə Bakı şəhəri və Abşeron yarımadası üzrə xidmət göstərilən ərazilərdə 93 min ədəd, regionlarda isə 49 min ədəd smart-kart sayğacı quraşdırılmışdır. Respublikanın şəhər və rayon mərkəzlərində yeni su və kanalizasiya layihələrinin icrası çərçivəsində bütün abunəçilər smart-kart sayğaclarla təmin olunur.

Ümumilikdə smart-kart sayğacların tətbiqinə başlanıldığı 2012-ci ildən indiyədək quraşdırılmış smart-kart sayğacların sayı 352 minə çatmışdır. Smart-kart sayğacların quraşdırılması əhali və qeyri əhali qrupu abunəçiləri üçün paralel aparılır. İndiyə qədər quraşdırılmış sayğacların 320 min ədədi əhali, 32 min ədədi isə qeyri- əhali qrupu abunəçilərinin payına düşür. Təhlillər göstərir ki, smart-kart tipli sayğaclar quraşdırıldıqdan sonra abunəçilərin su itkiləri azalaraq satış həcmi artmış, eyni zamanda həmin abunəçilər üzrə ödəniş 100 faiz təmin olunmuşdur.

01 yanvar 2015-ci il tarixə "Azərsu" ASC üzrə abunəçilərin 750 mini və ya 57 faizi sayğaclarla təmin olunmuşdur. Əhali qrupu üzrə sayğaclaşma səviyyəsi 56 faiz, qeyri-əhali qrupu üzrə isə 77 faiz təşkil edir.

Hazırda Bakı şəhəri və ətraf qəsəbələrdə, eləcə də bölgələrdə smart-kart sayğacların quraşdırılması davam etdirilir. 2014-cü ildə magistral xətlər üzərində 20 ədəd elektromaqnit zond tipli ABB, rayon sukanal idarələrinin xidmət göstərdiyi ərazilərin hüdudlarında 75 ədəd elektromaqnit fləns tipli KROHNE su sayğacları quraşdırılaraq istismara verilmişdir.