Rusiya unun qiymətini qaldırır

22 Yanvar 2015 09:50 (UTC+04:00)

Rusiyada strateji ərzaq məhsulları bahalaşmağa başlayıb. Bu fonda Rusiya baş nazirinin müavini Arkadi Dvorkoviç ölkədə yaxın zamanlarda un və çörəyin qiymətinin artmaqda davam edəcəyini bildirib. Baş nazir müavininin sözlərinə görə, hökümət hələlik qiymət tənzimlənməsini tətbiq etməsə də, qiymət artımının uzun müddət davam edəcəyi və 30 faizə çatacağı halda, bu variant istisna olunmur.

Azərbaycanın Rusiyadan un idxal etdiyini nəzərə alsaq, bunun nə ilə nəticələnəcəyi xüsusi maraq doğurur. İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehdiyev "Movqe" qəzetinə verdiyi açıqlamada deyib: "Azərbaycan həqiqətən də müəyyən həcmdə Rusiyadan un idxal edir. Belə halda təbii ki, Rusiyada unun qiymətində baş verən dəyişiklik Azərbaycan üçün də əhəmiyyət kəsb edir. Burada önəmli olan məsələlərdən biri Azərbaycan və Rusiya arasında ticarət əlaqələri zamanı rubl, yaxud dollardan istifadəolunmasıdır. Rublun dəyərinin düşməsi qiymətin qalxmasına səbəb olur. Bu səbəbdən ticarətçilər bütün əməliyyatları dollarda aparmaqda maraqlıdırlar. Bu baxımdan bəzi məqamlar ciddi şəkildə diqqətdə saxlanılmalıdır ki, dollarla ticarət zamanı ölkəyə gətirilən un və un məhsullarının qiymətininin dəyişməsi necə baş verir. Ancaq hesab edirəm ki, Azərbaycana Rusiyadan gətirilən unun qiymətində dəyişiklik olmayacaq"