Qubada inşa olunan “Soyqırım Memorial Kompleksi” sentyabrın 15-dək təhvil veriləcək

31 İyul 2012 14:18 (UTC+04:00)

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Quba rayonunda inşa olunan "Soyqırım Memorial Kompleksi" bu il sentyabrın 15-dək təhvil veriləcək.


Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, Quba Memorial Xatirə Kompleksində həyata keçirilən tikinti işlərinin nəzarətçi-tədqiqatçısı Qəhrəman Ağayev məlumat verib. Onun sözlərinə görə, məzarlıqdakı sümüklərin şüşə altına qoyulması nəzərdə tutulur. 


Q. Ağayev deyib ki, hazırda məzarlıqdakı sümüklərin çürümə prosesi davam edir: "Sümüklər dərmanlanmalıdır, çünki onlarda eroziya prosesi sürətlənib. Geoloji seysmiklik sümüklərə güclü təsir edib". 


Qeyd edək ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də torpaq işləri görülərkən aşkar edilib. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən aparılan tədqiqatlar nəticəsində məzarlıqda təxminən 400-dən çox insan cəsədinin qalıqları aşkar edilib. Qalıqları tapılanların 50-dən çoxu uşaq, 100-dən çoxu qadın, qalanı isə yaşlı kişidir. Ermənilər azərbaycanlılarla yanaşı, ləzgilər, yəhudilər, tatlar və digər etnik qrupların nümayəndələrini də qətlə yetirib. 514 kvadratmetr sahəsi olan məzarlığın 499 kvadratmetr ərazisində tədqiqatlar aparılıb. Həmin ərazidə içi insan sümükləri ilə dolu olan 2 quyu və 2 arx aşkarlanmışdı. 


Prezidenti İlham Əliyev 2009-cu ildə Prezidentin Ehtiyat Fondundan Qubada "Soyqırım Memorial Kompleksi"nin yaradılması məqsədilə 1 milyon manat ayırıb.