Prezident İlham Əliyevin Cəlilabad rayonuna səfəri başlayıb
31 İyul 2012 17:09 (UTC+04:00)
APA-nın xəbərinə görə, dövlət başçısı
Heydər Əliyevin Cəlilabad şəhərinin mərkəzində ucaldılmış abidəsini
ziyarət edib.
Prezident İlham Əliyevə abidənin ətrafında aparılan abadlıq işləri
barədə məlumat verilib. Bildirilib ki, rayonun mərkəzində yerləşən
bu ərazidə geniş abadlıq işləri görülüb, yaşıllıq zolağı
salınıb.
Prezident İlham Əliyev Cəlilabad şəhərinin mərkəzindəki istirahət
parkında həyata keçirilən yenidənqurma işləri ilə tanış olub.
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov dövlət
başçısına məlumat verib ki, 1952-ci ildə salınan bu parkda ilk
dəfədir ki, belə əsaslı yenidənqurma tədbirləri görülüb. Burada
1941-1945-ci illər müharibəsində iştirak edən soydaşlarımızın
xatirəsinə abidə kompleksi ucaldılıb.
Azərbaycan Prezidenti 1941-1945-ci illər müharibəsində iştirak edən
soydaşlarımızın xatirəsinə ucaldılmış abidə kompleksinin önünə gül
dəstəsi qoyub.
Prezident İlham Əliyevə bildirilib ki, bu park yenidənqurmadan
sonra füsunkarlığı, müasirliyi və səliqə-sahmanı ilə diqqəti cəlb
edir.
Yaradılmış şəraiti yüksək qiymətləndirən dövlət başçısı
tapşırıqlarını verib.
Prezidenti İlham Əliyev daha sonra Cəlilabadda istirahət parkının
yaxınlığında inşa olunmuş Heydər Əliyev adına Yaradıcılıq
Mərkəzinin açılışında iştirak edib.
Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.
Məlumat verilib ki, mərkəzin tikintisinə ötən il başlanıb. İnşaat
işləri daxili imkanlar hesabına aparılıb.
Diqqətə çatdırılıb ki, ümumilikdə respublikanın regionlarında bu
cür müasir mərkəzlərin yaradılmasına böyük ehtiyac var. Dövlət
siyasətinə uyğun olaraq bu istiqamətdə tədbirlər daha intensiv
xarakter alır. Prezident İlham Əliyev mərkəzdə yaradılmış şəraiti
yüksək qiymətləndirib.