Əmək müqavilələrinə yaranan zərurət artır

28 Yanvar 2015 08:33 (UTC+04:00)

Məlumat verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyev əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncam imzalayıb. Ona əsasən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna tapşırılıb ki, 2014-cü il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq 2015-ci ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etsin. Habelə, fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirsin. Bu, bir daha onu göstərir ki, artıq pensiyalarda artım sığorta üzərində köklənir və indeksləşdirilir. Belə vəziyyətdə aydındır ki, vətəndaşların əmək müqavilələrinin imzalanmasına, sosial sığorta haqlarının əmək haqlarına münasib ödənilməsi marağı daha da artır.

İqtisadçı-ekspert Natiq Cəfərli əmək müqavilələrinin imzalanması, sosial sığorta haqlarının əmək haqlarına münasib ödənilməsi istiqamətində artımlara bundan sonra da nail olunması üçün kompleks tədbirlər görülməli olduğunu söylədi: "Hər ilin əvvəlində ötən ilin rəsmi inflyasiya rəqəmləri çərçivəsində təqaüdlər və büdcədən maliyyələşən minimum əmək haqqı indeksləşir. Keçən ilin rəsmi rəqəmlərinə görə inflyasiya 1,8 faiz civarında olub. Təqaüdlərin sığorta hissəsində bu indeksləşmə öz əksini tapacaq. Bu, həm qanunda nəzərdə tutulur, həm də müəyyən dərəcədə stimullaşdırıcı addım ola bilər. Addım gələcəkdə insanlar əmək müqavilələri bağlayarkən leqal fəaliyyətə daha çox üstünlük vermələrinə hesablanıb. İnsanlar maaşların leqallaşmasını daha çox özləri tələb etməlidir. Təəssüf ki, Azərbaycanda müəyyən özəl qurumlarda pis praktika var. Özəl müəssisələrinin bəzilərində leqal aldıqları əmək haqqı ilə real olaraq aldıqları maaş arasında fərq olur. Bu da ondan irəli gəlir sahibkar belə addım atmaqla vergidən və sosial ödənişlərdən yayınmağa çalışır. İnsanlar da çox zaman qanunun incəliklərini bilmədiyindən bu kimi məsələlərə əhəmiyyət vermədən iş müqaviləsi bağlayır. Onlara izah edilməsi lazım gəlir. İnsanlar başa düşməlidir ki, əmək haqları nə qədər yüksək olacaq və proses nə qədər çox leqallaşacaqsa, sosial müavinət, sosial sığorta ödənişləri bir qədər yüksək olacaq. Bu da təbii ki, sonda insan təqaüd yaşına çatanda daha yüksək təqaüd alması ilə nəticələnəcək. Məsələyə kompleks şəkildə baxılmalıdır. İndeksləşmə ilə bağlı addım məhz qanunda nəzərdə tutulmuş addımdır. Hər ilin əvvəlində keçən ilin rəsmi inflyasiya səviyyəsində indeksləşmə aparılır.

İndi tələblərə cavab verən təqaüdçülər keçən ilin rəsmi inflyasiya səviyyəsində təqaüdlərində artım görəcək. Vətəndaşların da əmək müqaviləsi bağlaması və sığorta sisteminə cəlb olunmasında maraqlı olmasını stimullaşdırmaq üçün burada kompleks tədbirlər görülməlidir. İnsanları bilgiləndirmək, məlumatlandırmaq lazımdır, sosial çarxların çəkilməsi vacibdir. Televiziyalarda bu istiqamətdə çoxlu debatlar təşkil olunmalı, insanlar məlumatlandırılmalıdır. İnsanlar özləri də leqal əmək haqlarının tətbiq edilməsində tələbkar olmalıdır. Kütləvi informasiyalar vasitəsində bu haqda çoxlu debatlar olsa, insanlar da işə düzələrkən həmin məsələlərə daha çox diqqət yetirərlər".