İŞİD-dən gələn terror təhdidi böyüyür

28 Yanvar 2015 09:30 (UTC+04:00)

Rasim Ağayev: "Söhbət ondan gedir ki, xaos yaranandan sonra ABŞ və onun müttəfiqləri dünya miqyasında istehsal olunan neft və qaz yataqlarının əksəriyyətini öz nəzarətləri altına keçirə bilsinlər"


Dünya təhlükəsizliyi üçün ciddi təhdid mənbəyinə çevrilən İŞİD terror təşkilatı öz fəaliyyətini genişləndirməkdə davam edir. Özü də İŞİD fəaliyyətini koalisiya qüvvələrinin onlara qarşı mübarizə apardığı bir dövrdə də genişləndirirlər. Artıq İŞİD-in Əfqanıstan və Pakistanda bölmələri də yaradılıb. Qafqaz bölgəsində də radikallar tədricən onların tərəfinə keçir.

Qərb ölkələrinə də hücumlar etməyi planlaşdıran İŞİD yaraqlıları hazırlıqlar gördüklərini vurğulayılar. İŞİD bu barədə internetdə audiomüraciət də yayıb.Hazırda İŞİD Iraq və Suriyanın müəyyən ərazisinə nəzarət edir. Onlara qarşı koalisiya qüvvələri havadan zərbə endirsələr də, hələlik bu, İŞİD-i sıradan çıxarmağa kifayət etmir. Belədə sanki elə bir mənzərə yaranır ki, koalisiya qüvvələri İŞİD-i məhv etməkdə hələlik acızdirlər, ya da indilikdə bunu istəmirlər.

Politoloq Qabil Hüseynlinin fikrincə, İŞİD-ə qarşı mübarizənin hələlik səmərə verməməsinin kökündə onların digər terror təşkilatları ilə müqayisədə qeyri-rəsmi olsa da, dövlət strukturuna malik olmaları, müəyyən ölkələrdən maliyyə yardımları alması və digər amillər dayanır: "İŞİD açıq mübarizədən çəkinir və fərqli mübarizə aparır. "Taliban" terror qruplaşması dağlarda, çətin keçilən yerlərdə vuruşmaqla qarşı tərəfin döyüş imkanlarını məhdudlaşdırır. Amma İŞİD leqallaşmış, rəsmi surətdə olmasa da, qeyri-rəsmi olaraq dövlətə çevrilmiş, 20-30 min əsgəri olan bir terrorçu təşkilatdır. Bu terrorçu təşkilat iki dövlətin ərazisinin böyük bir hissəsini tutub. Təxminən 60-70 min kv.km sahəyə nəzarət edir. Əllərində neft mədənləri var. Həmçinin, adları dəqiqləşməsə də, müəyyən ölkələrdən onlara qoşulmaq üçün həm adamlar göndərilir, həm də ciddi maliyyə yardımı edilir. Bütün bunlara görə də İŞİD-lə mübarizə çətin xarakter alır. "Taliban"a qarşı mübarizə quru qoşunlarının köməyi ilə aparılır. Amma İŞİD-ə qarşı hələ ki, quru əməliyyatları aparılmayıb. Yalnız havadan dəstəklə, kürdlərin peşmərqə dəstələri onlara qarşı mübarizə aparır. Güman edirəm ki, yaxın zamanlarda quru əməliyyatlarının iştirakı ilə İŞİD-ə qarşı həlledici döyüşlər başlayacaq".

Politoloq Fikrət Sadıxov isə qeyd etdi ki, İŞİD-ə qarşı mübarizənin səmərə verməməsində onların Yaxın Şərq ölkələrində müəyyən kütlə tərəfindən dəstəklənməsi amilinin xüsusi rolu vardır: "İŞİD-in digər terror təşkilatlarından fərqi ondadır ki, onlar daha sərt, daha kəskin hərəkət edir, radikal mövqedə dayanırlar. İŞİD-in həm də müəyyən ideologiyası var. Onlar Yaxın Şərq ölkələrində yaşayan müəyyən kütlə tərəfindən qəbul olunur. İŞİD muzdlu döyüşçülərə külli-miqdarda pul verir. Həmçinin, kifayət qədər silahlanıblar. Təbii ki, onlar öz əqidəsinə inananlar və böyük dövlətlərin maraqları ilə mübarizə aparan təşkilat kimi özünü göstərib. Ona görə də bu təşkilatla mübarizə aparmaq xeyli dərəcədə çətindir. Amma eyni zamanda, mübarizə gedir. Koalisiya təşkil olunub. ABŞ və koalisiyada təmsil olunan dövlətlər İŞİD-in cəmləşdiyi yerlərə hər gün müxtəlif zərbələr endirir. ABŞ kəşfiyyat idarəsinin hesablamasına görə, İŞİD-in tərkibində hazırda 20-30 min döyüşən adam qalıb".

Politoloq Rasim Ağayev İŞİD-lə bağlı mövcud vəziyyətin yaranmasında günahkar qismində ABŞ-ı gördüyünü diqqətə çatdırdı: "İŞİD-in qarşı ciddi təzyiqlərin edilməsi hələ ki, heç kim tərəfindən aparılmayıb. Bildiyiniz kimi, terrorçularla əsas mübarizəni ABŞ, Avropa İttifaqı və Rusiya aparır. Rusiya bu mübarizəni əsasən sərhədlərinə yaxın respublikalarda, daxili regionlarda aparır. Ancaq geniş miqyasda Yaxın Şərqdə terror təşkilatlarına qarşı mübarizə aparan Vaşinqton adminstrasiyası ilə onun Avropadakı müttəfiqləridir. Bu xüsusda Avropa ölkələrindən Almaniya ilə Fransa daha çox fərqlənir. İŞİD əleyhinə ona görə ciddi mübarizə aparılmır ki, bu terror təşkilatını ABŞ-ın özü yaradıb, onun himayəsi altındadır. Amerikanın planı da odur ki, bu təşkilat Yaxım Şərqdə xaos yaratsın. Xaosun nəticəsində də burada yerləşən ölkələrə ABŞ lazım olacaq. Eyni fikirlərlə Fransa da orada öz əməliyyatlarını aparır. Söhbət ondan gedir ki, xaos yaranandan sonra ABŞ və onun müttəfiqləri dünya miqyasında istehsal olunan neft və qaz yataqlarının əksəriyyətini öz nəzarətləri altına keçirə bilsinlər".