İstifadəsiz torpaqların icarə müqavilələrinin ləğvi gözlənilir

29 Yanvar 2015 09:45 (UTC+04:00)

Prezident İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda bir çox məsələlərlə yanaşı, istifadəsiz qalan torpaqlara da toxunub. Dövdət başçısı bununla bağlı qeyd edib ki, istifadəsiz qalan torpaqlar kifayət qədər çoxdur: "Hesab edirəm ki, biz istifadəsiz torpaqların taleyi ilə bağlı tədbir görməliyik. Kim torpağı icarəyə götürüb istifadə etmirsə, gərək o icarə müqavilələri ləğv edilsin. O müqavilələr verilsin o torpaqda işləyənə. Yoxsa torpağı götürürlər, ondan sonra təyinatı dəyişdirirlər, daha sonra o torpaqlarda müxtəlif obyektlər tikilir və s. Bu, yolverilməzdir. Yerli icra orqanlarının nümayəndələri nəzarət etməlidirlər. Onların rayonlarında əgər kimsə bu işlə məşğul olursa, buna qarşı tədbir görülməlidir.

Mərkəzi orqanlar da burada yeni təkliflərlə çıxış etməlidirlər ki, istifadəsiz torpaqlar olmasın. Onsuz da bizim o qədər də çox torpağımız yoxdur. İcazə verə bilmərik ki, istifadəsiz qalsın, yaxud da ki, torpaqdan səmərəli şəkildə istifadə edilməsin".

Aqrar sahə üzrə mütəxəssis Vahid Məhərrəmov istifadəsiz sahələrin dövriyyəyə qaytarılmasının istehsalın həcminin artmasına səbəb olacağını vurğulayır: "Ölkədə nə qədər istifadəsiz torpağın qaldığı hələlik tam dəqiq bilinmir.. Digər tərəfdən kənd təsərrüfatına yararsız, habelə istifadə olunmayan sahələr mövcuddur. Örüş və təbii biçənək üçün nəzərdə tutulan sahələr də var ki, onlardan əvvəllər istifadə olunmurdu, ancaq sonradan onun bir hissəsinə müəyyən sahibkarları cəlb etməklə melorasiya işləri aparmağa başladılar. Yəni, torpağın bir hissəsini dövriyyəyə cəlb ediblər. Bəzi torpaq sahələri də var ki, erroziyaya uğrayıb, şoranlaşıb. Hətta pay torpaqları arasında da keyfiyyəti aşağı olan sahələr var ki, orada əkin işləri aparmaq, melorativ işlər həyata keçirmədən mümkün deyil. Prezident torpaqların elektron uçotunun aparılmalı olduğunu da deyib. Yəni, peyk vasitəsilə bilməliyik ki, harda, hansı ərazilərdə əkin işləri aparılır, hansılar isə boşdur. İstifadəsiz torpaqların nə qədər olduğunu dəqiq şəkildə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi, digər qurumlar hələ tam dəqiq bilmir. Bu istiqamətdə dəqiq uçot aparılmalıdır. Apardığımız monitorinqlərlə bir şey aydın olur ki, əvvəllər əkin sahəsi kimi istifadə olunan torpaqların bir çox hissəsi artıq yararsız hala düşüb və onlardan indi istifadə olunmur. İstifadəsiz qalan torpaqların ümumi həcmi barədə qeyri-müəyyənlik var. Fermerlər yaxşı bilir ki, istifadəsiz sahələrə lazımi həcmdə vəsait qoyulmalı, torpağın münbitliyi bərpa edilməlidir. Həmin sahəyə su gətirilməlidir ki, suvarma işi də həyata keçirilsin. Belə sahələrə kapital qoyuluşu həyata keçirilməli, ora investisiya yatırılmalıdır. Dövlət uzun müddətə və çox aşağı faizlərlə həmin ərazilərə kreditin ayrılmasını təmin etməlidir ki, fermerlər uzun müddətli maliyyə vəsaiti yatıraraq, kənd təsərrüfatı məhsulunun istehsalı ilə məşğul olmaqla, həmin sahələri dövriyyəyə qaytara bilsinlər. Bu da müəyyən müddət tələb edir.

Yalnız torpağın münbitliyi əsas şərt deyil. Bundan başqa, keyfiyyətli toxumun olması da vacibdir. Suvarma işlərinin də vaxtında həyata keçirilməsi üçün su ilə təminat öz həllini tapmalıdır. Aqrotexniki qaydalara əməl olunması üçün fermerlərin bilgisi artırılmalı, onların informasiya ilə təminatı həyata keçirilməlidir. Mineral və üzvi gübrələrdən istifadə üçün də imkan yaradılmalıdır. Daha müasir texnologiyadan istifadə edilməlidir. Texniki təminat, bir sıra avadanlıqların olması da vacibdir. Yəni, kifayət qədər işlər görülməlidir ki, istifadəsiz qalan torpaqlar dövriyyəyə buraxılanda xeyli məhsul vermək gücündə olsun. Fermer həmin torpaqlara maliyyə vəsaiti qoyar, ancaq yuxarıda qeyd etdiyim problemlər ortaya çıxsa, o zərərə düşərək, geri çəkilə bilər. Kənd təsərrüfatı həddən artıq mürəkkəb təsərrüfat olduğundan, burada istehsala təsir edən bəzi ciddi amillər var ki, onlar mütləq nəzərə alınmalıdır".

Digər ekspert Ənvər Əliyev bildirdi ki, Azərbaycan kimi ölkədə istifadəsiz qalan torpaqların olması əslində, o qədər də münasib hal deyil: "Onsuz da işğal altında olan kifayət qədər istifadəsiz torpaqlarımız var. Digər torpaq sahələrinin də bu fonda istifadəsiz adı ilə saxlamaq düzgün deyil. Kartofu Misirdən, Pakistandan gətirmək deyil, lazım olan qədər özümüz istehsal etmək fikrindəyiksə, hər bir torpaq qarışının qədrini bilməliyik. Torpağı alıb, istifadəsiz saxlamaq, məhsulu isə xaricdən gətirmək qətiyyən düzgün deyil. Hər bir regionun mövqeyindən asılı olaraq istifadəsiz torpaqların istifadəyə yararlı hala gətirilməsi yolunda addımlar atılmalıdır. Dediyimiz bu amillər nəzərə alınsa, istifadəsiz qalan torpaqlardan götürülən məhsul təbii ki, ölkədə ümumi məhsulun həcminə də təsir edəcək, bazarda ucuzlaşmaya stimul verəcək".