Azərbaycan neftdən 65 milyard dollar qazanıb

13 Aprel 2012 20:41 (UTC+04:00)

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu Beyrutda təşkil olunmuş "Gəlirlərin idarə edilməsi" konfransında iştirak edib. Ekspert "Azərbaycanda neft gəlirlərinin idarə edilməsi təcrübəsi" barədə təqdimatla çıxış edərək deyib: "İndiyə qədər Azərbaycan neftdən 65 milyard dollar qazanıb. Onun da 35,2 milyard dolları xərclənib, 29,8 milyard dolları isə yığıma yönəldilib. Ötən il idarəetməyə verilən 30 milyard dollara qədər gəlirdən əldə edilən qazancın həcmi 215 milyon dollar olub. Bu, illik 0,7 faiz deməkdir".

Qubad İbadoğlu qeyd edib ki, Dövlət Neft Fondu neft gəlirlərinin idarə edilməsindən 2007-ci ildə 4,5 faiz, 2008-ci ildə 3,8 faiz, 2009-cu ildə 3,6 faiz, 2010-cu ildə 0,8 faiz, 2011-ci ildə isə 0,7 faiz qazanc əldə edib.