Boks nəticələrinə rəsmilər cavab verdi

2 Avqust 2012 16:24 (UTC+04:00)

Xəbər verdiyimiz kimi Azərbaycan boksçusu Məhəmməd Əbdülhəmidovun 2012-ci il London Yay Olimpiya Oyunlarının 1/8 finalında yaponiyalı Satoşi Şimizu ilə döyüşünün nəticəsi ləğv olunub. Əbdülhəmidovun qazandığı 22:17 hesablı qələbə onun əlindən alınıb. Əvəzində Şimizuya texniki nokautla qələbə verilib. İlk iki raunddan Məhəmməd Əbdülhəmidov müvafiq olaraq 4:2 və 8:3 hesablı qələbələrlə ayrılıb. Lakin üçüncü raundda o, yorğun olduğu üçün rinqdə xeyli sönük təsir bağışlayıb. Bununla əlaqədar Əbdülhəmidova dəfələrlə xəbərdarlıq olunub. Sonuncu raundda Simizuya 12:10 hesablı qələbə verilsə də, ümumi nəticə dəyişməyib.

Ölkəmizin bundan öncə də boks qalmaqallarında adının hallanmasını və bu hadisənin ciddiliyini nəzərə alsaq hadisənin pərdəarxası tərəflərini də öyrənmək lazım olduğunu anlamış olarıq.

Əməkdar bədən tərbiyəsi və idman xadimi Tofiq Babanlı nəticə ilə razılaşdıqlarını bildirdi: "Qarşı tərəf nəticəyə etiraz edib və kadrlara təkrar baxıldıqdan sonra nəticələr ləğv edilib. Nə edə bilərik, azərbaycanlı oyunçunun qələbəsinin düzgün olmadığını sübut ediblər?!"

Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Ağacan Əbiyev isə məsələ ilə bağlı sualımıza qısa cavab verdi: "Bu idmançımızın hələ ilk döyüşüdür. Mən məsələnin içində deyiləm,bilmirəm nə olub. Məsələni aydınlaşdırım əlaqə saxlayarasınız."