Yataqxananın yanması nəticəsində zərərçəkənlərə birdəfəlik maddi yardım göstəriləcək
2 Avqust 2012 20:10 (UTC+04:00)
Azərbaycan Nazirlər Kabineti Bakı
şəhəri Binəqədi rayonunun Dərnəgül qəsəbəsində yataqxananın yanması
nəticəsində zərər çəkmiş məcburi köçkün ailələrinə maddi yardım
göstərilməsi barədə qərar qəbul edib. Bu barədə APA-ya Qaçqın və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin
Qədimov məlumat verib.
Nazirlər Kabinetinin bu gün qəbul etdiyi qərara əsasən tərkibi 1
nəfərdən ibarət olan ailəyə 1000 manat, tərkibi 2 nəfər olan ailəyə
1800 manat, tərkibi 3 və daha çox nəfərdən ibarət olan ailənin hər
bir üzvünə isə 800 manat olmaqla birdəfəlik maddi yardım
göstəriləcək.
E. Qədimov onu da qeyd edib ki, hazırda yanğından zərər çəkmiş
ailələr yaxınlıqda qurulan çadırlara köçürülüb. Onlar gündə 3 dəfə
yeməklə, həmçinin Komitə tərəfindən geyim əşyaları və yataq
dəstləri ilə təmin olunub.
Komitə rəsmisi yanğın nəticəsində yataqxanada məskunlaşmış 32
məcburi köçkün ailəsinin – 114 nəfərin zərər çəkdiyini
bildirib.