"Bəzi müxalifət partiyalarının aktivliyi mövsümi xarakter daşıyır"

3 Avqust 2012 08:59 (UTC+04:00)

Azərbaycanın bir sıra müxalifət partiyalarının aktivliyi mövsümi xarakter daşıyır". Bunu cümə axşamı Trend-ə hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib. Onun sözlərinə görə, hazırda həmin partiyaların aktivliyi müşahidə olunmur.

"Müxalifətin adətən yaz-payız aylarında keçirdiyi aksiyalar, mitinqlər mövsümi xarakter daşıyır. Həmin partiyalar mütəmadi olaraq Azərbaycanda beynəlxalq tədbirlər keçirilən zaman mitinqlərlə gündəliyə gəlirlər və dünyada ölkəmiz barədə mənfi imic yaratmaq istəyirlər", - millət vəkili deyib.

Novruzovun sözlərinə görə, bəzi müxalifət partiyalarının mitinqdənkənar fəaliyyəti yalnız qəzet səhifələri ilə məhdudlaşır.

"Bu şəkildə fəallığı olmayan müxalifətin prezident seçkilərinə hansısa hazırlığından söhbət gedə bilməz. Çünki onlarda mitinqlərə alternativ tədbirlər hələ ki, tapılmayıb", - YAP funksioneri qeyd edib.

O qeyd edib ki, Azərbaycanın hakim Yeni Azərbaycan Partiyasının qurultayının 2013-cü ildə keçiriləcəyi gözlənilir. Onun sözlərinə görə, qurultayın bu il deyil, bilavasitə prezident seçkiləri baş tutacaq 2013-cü ildə keçirilməsi məqsədəuyğundur.

YAP icra katibinin müavini qeyd edib ki, artıq partiyanın bütün rayon təşkilatlarında hesabat konfransları yekunlaşdırılıb.

"Rayon təşkilatları konfranslarını yekunlaşdıraraq yeni heyətdə fəaliyyətini davam etdirir", - Novruzov deyib.

Yeni Azərbaycan Partiyasının 83 rayon təşkilatı və 600 minə yaxın üzvü var.