II ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanı keçirilir
3 Avqust 2012 12:12 (UTC+04:00)
Bu gün Azərbaycanda 2012/2013-cü
tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil
bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə II
ixtisas qrupu üzrə qəbul imtahanı keçirilir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat
xidmətindən APA-ya verilən
məlumata görə, imtahan Bakıda 22, Naxçıvanda 2, Gəncədə 5,
Sumqayıtda 4, Şəkidə 3, Lənkəranda 3 binada keçirilir. Orta
ümumtəhsil müəssisələrindən 1723 nəzarətçi-müəllimin iştirak
edəcəyi imtahana 166 imtahan rəhbəri cəlb olunub.
II qrup üzrə 22867 abituriyent ərizə təqdim edib. Sənəd verənlərin
20177 nəfəri Azərbaycan bölməsinin, 2690 nəfəri isə rus bölməsinin
məzunudur. Abituriyentlərin 14611 nəfərini oğlanlar, 8256 nəfərini
isə qızlar təşkil edir. 14521 nəfər orta ümumtəhsil məktəblərinin
builki məzunudur. 7393 nəfər orta ümumtəhsil məktəblərini əvvəlki
illərdə bitirən məzunlardır. Bu ixtisas qrupu üzrə təhsil almaq
istəyən 124 abituriyent xarici ölkələrin vətəndaşıdır. 73
abituriyent ali təhsillidir və II ixtisas qrupu üzrə ikinci ali
təhsil almaq arzusundadır. 880 abituriyent orta ixtisas təhsili
müəssisələrinin məzunudur. Ən yaşlı abituriyent 1955-ci ildən, ən
gənc isə 1997-ci ildəndir.
Bakı şəhərində 13794 abituriyent, Naxçıvanda 1008 abituriyent,
Gəncədə 2692, Sumqayıtda 2600 abituriyent, Şəkidə 1385 abituriyent,
Lənkəranda isə 1388 abituriyent imtahan verəcək. İmtahan bütün
binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat ərzində
aparılacaq.