Azərbaycan vətəndaşları Naxçıvana getmək üçün viza almalı olacaqlar
3 Avqust 2012 18:01 (UTC+04:00)
"Qoşulmayanlar Hərəkatının
Tehranda keçiriləcək sammiti ərəfəsində İran İslam Respublikasının
hökuməti viza rejimi tətbiq etmədiyi bütün ölkələrin vətəndaşları
üçün müvəqqəti olaraq viza rejimi tətbiq
edəcək". APA-nın
məlumatına görə, bu fikir İranın Azərbaycandakı səfirliyinin
mətbuat xidmətinin yaydığı məlumatda öz əksini tapıb.
Bu qərar sammitin keçiriləcəyi müddətdə lazımi təhlükəsizlik
tədbirlərin görülməsi ilə əsaslandırılıb. Məlumatda bildirilir ki,
qeyd olunan qərar 5 -31 avqust 2012-ci il tarixində bütün ölkələrin
vətəndaşları üçün qüvvədə olacaqdır. Sammit başa çatdıqdan sonra
əvvəlki vəziyyət bərpa olunacaq.
Səfirlik qeyd edir ki, bu təlimata əsasən, bütün xarici vətəndaşlar
İran İslam Respublikasının ərazisinə daxil olmaq üçün bu ölkənin
xaricdəki diplomatik nümayəndəliklərinə müraciət
etməlidirlər.
Qeyd edək ki, blokada vəziyyətində olan Naxçıvana maşınla gedən
Azərbaycan vətəndaşları İran ərazisindən keçməli olurdular. Yeni
tətbiq olunan təlimata əsasən, İrandan keçməklə Naxçıvana gedən və
eyni istiqamətdə geri qayıdan Azərbaycan vətəndaşları İranın
Naxçıvandakı konsulluğundan və Bakıdakı diplomatik missiyadan viza
almalı olacaqlar.