Respublika Hərbi Prokurorluğu və Müdafiə Nazirliyi birgə məlumat yayıb

6 Avqust 2012 14:11 (UTC+04:00)
Respublika Hərbi Prokurorluğu və Müdafiə Nazirliyi "N" saylı hərbi hissənin əsgərinin ölümü ilə bağlı birgə məlumat yayıb. APA-nın xəbərinə görə, birgə məlumatda bildirilir ki, "N" saylı hərbi hissəsinin əsgəri İsgəndərli Pərviz Cahan oğlunun valideynləri kütləvi informasiya vasitələrində və mətbuat konfransındakı çıxışlarında oğullarının xidmət etdiyi hərbi hissənin 4 zabiti tərəfindən döyülərək bədəninin muxtəlif yerlərinin sındırılması, onun qəsdən öldürülməsi və bundan sonra izi itirmək üçün asılması, əsgərlərin daxili orqanlarının satılması, eləcə də orduda digər qanunsuzluqların baş verməsi barədə söylədikləri həqiqəti əks etdirmir.
Müdafiə Nazirliyi və Respublika Hərbi Prokurorluğu bildirir ki, N saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olmuş əsgər İsgəndərli Pərviz Cahan oğlunun 14 iyul 2012-ci il tarixdə özünü asaraq öldürməsi faktına görə həmin tarixdə Respublika Hərbi Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb və zəruri ilkin istintaq hərəkətləri aparılıb.
İstintaqla müəyyən edilib ki, N saylı hərbi hissənin bir neçə əsgəri tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını kobud surətdə pozaraq 2012-ci ilin iyul ayı ərzində əsgər Pərviz İsgəndərlini incidiblər. Nəticədə əsgər Pərviz İsgəndərli 14 iyul 2012-ci il tarixdə özünü asaraq öldürüb.
Bununla bağlı olaraq əsgərlər Şahin Xudiyevə, Vüsal İskəndərliyə, Vidadi Mustafayevə və Sabir Musayevə 23 iyul 2012-ci il tarixdə CM-nin 182.2.1, 332.3 və digər maddələrində nəzərdə tutulan ittihamlar elan edilib və hərbi məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Hal-hazırda baş vermiş hadisənin bütün hallarının tam, hərtərəfli araşdırılması istiqamətində zəruri istintaq hərəkətlərinin icrası davam etdirilir. İstintaqın nəticəsindən asılı olaraq obyektiv və qanuni qərarın qəbul edilməsi və təqsirkar şəxslərin məhkəmə məsuliyyətinə cəlb edilməsi təmin ediləcək.