Murtuz Ələsgərov vəfat edib
7 Avqust 2012 11:28 (UTC+04:00)
Azərbaycanın tanınmış ictimai
xadimi, Milli Məclisin keçmiş spikeri Murtuz Ələsgərov 84 yaşında
vəfat edib. Lent.az-ın məlumatına görə, M.Ələsgərov uzun sürən
xəstəlikdən sonra bu gün Bakı şəhərində dünyasını
dəyişib.
Qeyd edək ki, Murtuz Ələsgərov
1928-ci il sentyabrın 20-də Gəncə şəhərində anadan olub. Azərbaycan
Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1954-cü ildən
Azərbaycan Dövlət Universitetinin dövlət hüququ kafedrasının baş
müəllimi, dosenti, 1957-ci ildən beynəlxalq hüquq kafedrasının
müdiri vəzifələrində çalışıb. 1993–1996-cı illərdə Bakı Dövlət
Universitetinin rektoru olub. 1965-ci ildən universitetin
konstitusiya hüququ kafedrasının müdiri işləyib.
Azərbaycan Dövlət Universitetinin
hüquq fakültəsini bitirib. Hüquq elmləri doktoru, professor,
respublikanın əməkdar hüquqşünasıdır. "İstiqlal" ordeni,
"Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif
edilib. MDB-nin "Sodrujestvo" ordeninə və Rusiya Federasiyasının
"Dostluq" ordeninə layiq görülüb.
Murtuz Ələsgərov birinci və ikinci
çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub,
1996-cı il oktyabrın 16-dan 2005-ci il dekabrın 2-dək parlamentin
sədri vəzifəsində çalışıb. Murtuz Ələsgərov 2005-ci il noyabrın
6-dan 11 saylı Qaradağ seçki dairəsindən deputat seçilib. Milli
Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi
komissiyasının, Azərbaycan-Fransa, Azərbaycan-Səudiyyə Ərəbistanı,
Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının
üzvü olub. Yeni Azərbaycan Partiyası 2010-cu ildə keçirilən
parlament seçkilərində yaşını nəzərə alaraq M.Ələsgərovun adını
namizədlər siyahısına daxil etməyib.
Allah rəhmət
eləsin!