“Biz heç bir diaspora təşkilatına göstəriş verə bilmərik”

7 Avqust 2012 17:47 (UTC+04:00)

"Biz heç bir diaspor təşkilatına göstəriş verə, onların fəaliyyəti ilə bağlı qərar qəbul edə bilmərik. Biz yalnız müəyyən tövsiyələr verə bilərik". Lent.az-ın məlumatına görə, bunu avqustun 7-də Türkiyənin Bodrum şəhərində "Xarici ölkələrdə yaşayan azərbaycanlıların cəmiyyətə inteqrasiyası: mövcud vəziyyət və perspektiv gözləntilər" mövzusunda keçirilən forumda Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib. 

PA-nın şöbə müdiri qeyd edib ki, mürəkkəb qlobal siyasi və iqtisadi proseslərin cərəyan etdiyi müasir dünyada Azərbaycanın milli maraqlarının qorunmasında diaspor təşkilatlarının da üzərinə böyük vəzifələr düşür: "Azərbaycan dövləti xaricdə yaşayan soydaşlarımızın mənafelərini həmişə nəzərə alır. Bizim istədiyimiz dünya azərbaycanlılarının birliyinə nail olmaq, diasporun daha güclü, daha mütəşəkkil qüvvəyə çevrilməsidir".