İran ABŞ-ı iranlı zəvvarların azadlığa buraxılmasına səy göstərməyə çağırıb

7 Avqust 2012 20:15 (UTC+04:00)
ABŞ-ın İranda maraqlarını qoruyan İsveçrə səfirliyinin müvəqqəti işlər vəkili bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. APA-nın "Fars" xəbər agentliyinə istinadən məlumatına görə, görüşdə avqustun 4-də Suriyada qaçırılmış 48 iranlı zəvvarın təhlükəsizliyindən ABŞ-ın məsuliyyət daşıdığı bildirilib. Eyni zamanda isveçrəli diplomata rəsmi Vaşinqtonun suriyalı müxaliflər üzərindəki nüfuzundan istifadə edərək iranlı ziyarətçilərin dərhal sərbəst buraxılmasına səy göstərməsi tələb olunub.
İsveçrə səfirliyinin müvəqqəti işlər vəkili də məsələ ilə bağlı ABŞ rəhbərliyini xəbərdar edəcəyini və nəticəsini İran Xarici İşlər Nazirliyinə çatdıracağını vurğulayıb.