Azərbaycanın bölgələrində fəaliyyət göstərən mehmanxanalarda aparılan monitorinqlərin nəticələri açıqlanıb
8 Avqust 2012 14:51 (UTC+04:00)
Azərbaycanın bir
neçə bölgəsində fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli
obyektlərdə aparılan monitorinqlərin nəticələri
açıqlanıb.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə monitorinq
nazirlik və İqtisadi İnkişaf Nazirliyinin nümayəndələrinin daxil
olduğu Monitorinq Qrupu tərəfindən aparılıb.
Monitorinq Qrupu Gəncə, Naftalan, Mingəçevir, Şəki, Lənkəran
şəhərləri və Gədəbəy, Balakən, Zaqatala, Qax, Qəbələ, İsmayıllı,
Şamaxı, Xaçmaz, Qusar, Quba, Lerik, Masallı rayonlarında turizm
xidməti göstərən 137 obyektə baxış keçirib. Monitorinq üzvləri
tərəfindən obyektlərdə otaqların (kotteclərin) və çarpayıların
sayı, xidmət haqqının maksimum və minimum hədləri, təklif olunmuş
paketə daxil olan xidmətlərin çeşidi və keyfiyyəti, menecerlərin bu
sahədəki bacarıqlarına və sairə baxılıb.
Aparılan monitorinqlər zamanı bütün bölgələr üzrə yerləşdirmə
obyektlərində bir nəfər üçün yataq yerinin qiymətinin ötən illə
müqayisədə 10-20 faiz arasında aşağı düşməsi, mehmanxana və
mehmanxana tipli obyektlərdə turistlərə göstərilən əlavə
xidmətlərin sayının 20-25, bölgələrdə turizm xidmətlərinin
çeşidinin əvvəlki illərdən fərqli olaraq 10-15 faiz artması və
əhalinin bütün təbəqələrinin ödəniş qabiliyyətinə uyğun yataq
yerlərinin təklif olunması müşahidə edilib. Monitorinq Qrupu
bölgələrdə turizm xidməti sahəsində müsbət irəliləyişlərin olması
qənaətinə gəlib. Məlumatda bildirilir ki, müəyyən faiz
dərəcələrində qiymətlər ucuzlaşıb, hər il yeni əyləncə növləri
yaradılıb, bölgələrdə bir çox istirahət mərkəzi artıq turizm
şirkətləri ilə əməkdaşlıq edir.
Monitorinq Qrupu tərəfindən baxış keçirilən bölgələrdə xüsusi
razılıq (lisenziya) olmadan fəaliyyət göstərən turizm obyektlərinin
qısa zamanda lisenziya almalarına dair müvafiq aktlar tərtib
olunub. Nöqsanlar aşkar edilən obyektlərin sahiblərinə isə
çatışmazlıqların tezliklə aradan qaldırılması istiqamətində
tövsiyələr verilib.