"Azərbaycan və Ermənistan musiqiçiləri Aland adalarında birgə konsert verəcək"
8 Avqust 2012 18:28 (UTC+04:00)
Ermənistan kütləvi informasiya
vasitələri Aland adalarında Azərbaycan və Ermənistan
musiqiçilərinin birgə konsert proqramı ilə çıxış edəcəyi barədə
məlumat yayıblar. APA-nın
məlumatına görə, "Aykakan jamanak" qəzeti Azərbaycan, Ermənistan və
Aland adalarından olan 13 gənc musiqiçinin Marienxamnda təcrübə
mübadiləsi apardığını, master-klasslar təşkil etdiyini, müzakirələr
apardığını yazıb. Tədbir Aland münaqişəsinin qurbanlarının
xatirəsini yad etmək məqsədi daşıyır. Sülh İnstitutunun
təşkilatçılığı ilə keçirilən konsertlə "Dünyanın adaları"
festivalına start verilmiş olacaq. Qəzet Azərbaycan və
Ermənistandan olan musiqiçilərin eyni səhnəni bölüşdürəcəyini iddia
edib və Azərbaycan tərəfdən bu tədbirə fortepiano ifaçısı, cazmen
Emin Əfrasiyabın, İsgəndər Ələsgərovun (tryumor), Pərviz Məmmədovun
(bas-gitara), Malik Mansurovun (tar, saz), Şirzad Fətəliyevin
(balaban) və Nazim Kərimovun iştirak etdiyini yazıb.
APA-nın araşdırmaları nəticəsində
məlum olub ki, konsertin təşkilatçısı olan Aland adalarındakı
Musiqi İnstitutudur. Konsertdə Azərbaycan musiqiçilərinin
iştirakını təmin etmək üçün həmin institut tərəfindən Böyük
Britaniyanın Müharibə və Sülh Araşdırmaları İnstitutunun
Azərbaycandakı nümayəndəliyinin rəhbəri Şahin Rzayevə dəvət
göndərilib. Şahin Rzayev isə konsertdə iştirak təklifi ilə cazmen
Emin Əfrasiyaba müraciət edib.
Ş. Rzayev APA-ya
açıqlamasında bildirib ki, Aland adalarındakı Musiqi İnstitutu hər
il Xirosimanın bombardman edildiyi gün konsert təşkil edir.
Konsertə dünyanın münaqişəli vəziyyətdə olan ölkələrindən müxtəlif
peşə sahibləri dəvət edilir: "Hər il ya jurnalistləri, ya da
musiqiçiləri dəvət edirlər. Bu il isə konsertə İsveç, Azərbaycan və
Ermənistandan musiqiçilər dəvət ediblər. Konsertin keçirilməsində
məqsəd hər bir xalqın öz mədəniyyətini təbliğ etməsidir. Bizim
tərəfdən isə Emin Əfrasiyab başda olmaqla 5 nəfər musiqiçi dəvət
edilib və onlar Azərbaycan musiqisini və mədəniyyətini təbliğ
edəcəklər. Ən mühümü odur ki, burada Azərbaycanın milli musiqi
alətləri, balaban, zurna, ud, tar ifa ediləcək. Məqsədimiz odur ki,
"Sarı gəlin", "Gözəlim sənsən", "Evləri var xana-xana" kimi xalq
musiqilərimizi təbliğ edək, həmçinin onları caz tərtibatında,
avropalıların başa düşdüyü dilə təbliğ edək".
Şahin Rzayev deyib ki, bu, ermənilərlə birgə konsert deyil:
"Ermənilər yazır ki, biz onlarla birgə konsert verəcəyik, bu belə
deyil, bizim ayrı proqramımız var. Ayın 10-da baş tutacaq konsertdə
əvvəl erməni, isveçli və fin musiqiçilər, sonra isə Azərbaycan
musiqiçiləri çıxış edəcək. Konsertdə belədir ki, əvvəl zəif
ifaçılar, sonda güclülər çıxış edir. Bizim musiqiçilərin səviyyəsi
ermənilərinkindən qat-qat yüksək olduğuna görə, təşkilatçılar bizi
sonda təqdim edib səhnəyə çağıracaq".
Cazmen Emin Əfrasiyab isə APA-ya bildirib ki, əvvəlcə bu dəvətdən
imtina edib: "Amma sonra öyrəndim ki, Ermənistan tərəfi konsertdə
öz qədim alətləri ilə çıxış edəcəklərini bəyan ediblər və bu alətin
tar olduğunu bildiriblər. Mən buna dözə bilmədim və fikirləşdim ki,
onların cavablarını vermək, tarın Azərbaycan aid olduğunu göstərmək
lazımdır. Mən tar ifaçısı Malik Mansurov, balaban ifaçısı Şirzad
Fətəliyev və digər musiqiçilərlə bura gəldim ki konsertdə iştirak
edək və bu alətlərin kimə məxsus olduğunu sübut edək".
Emil Əfrasiyab deyib ki, konsert avqustun 10-da baş tutacaq.
Azərbaycan musiqiçiləri konsertdə "Sarı gəlin": "Gözəlim sənsən",
"Evləri var xana-xana" mahnılarını ifa edəcək, tarda "Segah" və
digər muğamları səsləndirəcəklər.
Cazmen bildirib ki, konsertdən əvvəl orada keçirilən forumda
Azərbaycanın musiqi alətləri haqqında təbliğat aparılıb: "Balaban,
tar, zurna, tütək və udu nümayiş etdirdik və onların Azərbaycan
xalqına məxsus olduğunu bəyan etdik. Konsertə hələ bir-iki gün
qalıb. Hansısa səbəbdən erməni tarzənin əli sınıb və o konsertdə
ifa edə bilməyəcək".