Cipsi təhlükəsi böyüyür

9 Avqust 2012 08:51 (UTC+04:00)

Məlumdur ki, uşaqlar hər zaman çipsi, "kukuruz", dondurmaya daha çox meyl edir. Hansı ki, indiki şəraitdə bu ərzaq məhsullarının keyfiyyətinə bir o qədər də zəmanət yoxdur. Onun nəticəsidir ki, isti yay günlərində çipsi və kukuruzdan zəhərlənmə halları artıb.

Dəfələrlə xəbərdarlıq edilməsinə, mütəmadi olaraq mübarizə aparılmasına, müxtəlif cərimələrin tətbiq edilməsinə rəğmən nədənsə bir sıra işbazlar əhalinin sağlamlığından daha çox, asan qazanc əldə etməyə üstünlük verərək keyfiyyətsiz ərzaq məhsullarını satmaqdan belə çəkinmirlər. Görəsən, çipsi və "kukuruz" kimi məhsulların ümumiyyətlə qadağan edilməsi mümkün ola bilərmi? Mövcud vəziyyətdə istehlakçıların hüquqlarının müdafiəsini əsas tutaraq belə bir addımın atılması məqsədəmüvafiqdir. Görəsən, ekspertlər bu barədə nə düşünür?

Ekspert Şəmsəddin Əliyev belə bir qadağanın xüsusən də hazırkı isti aylarda olmasını daha vacib saydı: "Hazırda bildiyiniz kimi, havalar həddən artıq isti keçir. Belə bir vəziyyətdə isə bir çox ərzaq məhsulları tez sıradan çıxır və nəticədə onlar yemək üçün yararsız olur. Amma buna baxmayaraq, bəziləri keyfiyyətsiz ərzaq məhsullarını satmaqdan belə çəkinmirlər. Ona görə düşünürəm ki, havanın hərarətinin bu dövrdə kifayət qədər artması fonunda çipsi, "kukuruz" kimi tez xarab olan məhsulların satışının qadağan edilməsi çox vacib bir məsələdir. Ən azı Bakı Şəhər İcra Hakimiyyəti belə bir qərarla çıxış etməlidir. Ya da ki, Nazirlər Kabinetinin müvafiq qərarı olmalıdır. Çünki əhalinin sağlamlığı birinci dərəcəli məqam kimi önəm kəsb etməlidir. Vaxtı keçmiş, keyfiyyətsiz məhsullarla bağlı hər hansı bir qərar vermək Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin səlahiyyətinə daxildir. Onlara tələblərə cavab verməyən qida məhsullarına qadağa qoyulması ilə geniş səlahiyyətlər vermək olar. Digər tərəfdən əhalinin maarifləndirilməsi də yararsız qida məhsulları ilə mübarizədə mühüm faktor ola bilər. Çipsi kimi məhsullar, o cümlədən keyfiyyətsiz digər qida maddələrinin sağlamlığa böyük ziyan vurduğunu əhali dərindən dərk etsə, həmin məhsullara qarşı mübarizədə daha effektiv nəticələr eldə etmək olar. Bu iş isə əhalinin maariflənməsindən keçir. Belə olarsa, keyfiyyətsiz ərzaq və qida məhsulları ilə bağlı hər hansısa bir inzibati qərarların qəbuluna da ehtiyac qalmaz. Həmçinin ərzağın satışının həyata keçirildiyi yerlərdə müvafiq qurumlar tərəfindən mütəmadi yoxlamalar aparılmalıdır".

Tibb elmləri doktoru Adil Qeybulla isə bu qənaətdədir ki, keyfiyyətsiz qida məhsullarının ölkə bazarına daxil olmasına ümumiyyətlə yol verilməməlidir: "Ölkəyə gətirilən və istehsal edilən ərzaq məhsullarının böyük əksəriyyəti təəssüf ki, aşağı keyfiyyətli parametrlərlə ölçülür. Çipsi və "kukuruz" kimi məhsullardan zəhərlənmə halları son zamanlar həqiqətən də artıb. Belə keyfiyyətsiz malların Azərbaycan bazarına daxil olmasına qətiyyən yol vermək olmaz. Çipsilər müxtəlif genetik modifikasiya olunmuş kartofdan hazırlanır. Onların emalı zamanı istifadə olunan yağlar da keyfiyyətsiz olması ilə seçilir. Həmin çipsilərdə bu yağın dadını da hiss etmək mümkündür. Bəzən vaxtı keçmiş ərzaq məhsullarını da satırlar. Bu zaman qutunun üzərində müəyyən düzəlişlər edirlər. İstehsal texnologiyasında da müəyyən problemlər olur. Ümumiyyətlə Avropada hazırlanan bütün məhsulların içərisində qida əlavələri olur ki, onlar da məhsula dad, rəng vermək üçün lazım olan maddələrdir. Onlar ayrılıqda qida kimi istifadə olunmur. Həmin qida əlavələri adətən "E" indeksilə göstərilir. Məhsulun üzərində həmin indeks yoxdursa, deməli, o, ümumiyyətlə keyfiyyətsizdir.

Məhsulun keyfiyyət parametri onun tərkibi haqqında verilən yazılarla ölçülür. Bunlar olmadıqda, deməli, həmin məhsul kustar yolla hazırlanan məhsuldur".