Bakı sakinini girov götürən cinayətkar qrupunu üzvləri həbs olunub
9 Avqust 2012 11:02 (UTC+04:00)
Baş Prokurorluq və Daxili İşlər
Nazirliyinin mətbuat xidmətləri ölkədə baş verən ağır və xüsusilə
cinayətlərin açılması, təqsirkar şəxslərin tutulub məsuliyyətə cəlb
edilməsi istiqamətində daxili işlər və prokurorluq orqanları
tərəfindən son günlər bir sıra uğurlu əməliyyat-axtarış tədbirləri
və istintaq hərəkətləri barədə birgə məlumat yayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, cari il
avqustun 3-də Goranboy rayonunun Şadlı kəndində, kənd sakini 78
yaşlı Dilarə Əliyevanın küt alətlə qətlə yetirilmiş meyiti
həyətində aşkar edilib və fakt üzrə Cinayət Məcəlləsinin 120.1-ci
(qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Rayon
Prokurorluğu və Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata
keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış
tədbirləri nəticəsində qarət məqsədilə cinayəti törətməkdə şübhəli
bilinən mərhumun həmkəndlisi və qohumu 26 yaşlı Amid Əliyev
avqustun 4-də tutularaq istintaqa cəlb edilib. Prosessual
araşdırmalar göstərib ki, Amid Əliyev avqustun 2-də saat 21.00
radələrində Dilarə Əliyevanın həyətində olarkən onu tövləyə aparıb
tamah məqsədilə boğaraq öldürüb və mərhumun üzərindəki pulu
götürərək qaçıb.
Başqa bir ağır cinayət hadisəsi Abşeron rayonunda törədilib.
Avqustun 5-dən 6-na keçən gecə saat 04.00 radələrində rayonun Saray
qəsəbəsi ərazisindəki kafelərdən birində işləyən Ağdaş rayon sakini
21 yaşlı Şamo Məmmədov bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib,
həkimlərin səylərinə baxmayaraq, orada dünyasını dəyişib. Fakt üzrə
Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam
öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Həyata keçirilmiş
əməliyyat-istintaq tədbirləri nəticəsində Ş.Məmmədovu qətlə
yetirənin Tərtər rayon sakini 21 yaşlı Büsat Əliyev olması müəyyən
edilib və o, tutularaq istintaqa təqdim edilib.
Digər cinayət hadisəsi Sabirabad rayonunda qeydə alınmışdır.
Vətəndaş Səfiyyə Həşimova Sabirabad RPŞ-yə müraciət edərək rayonun
Suqovuşan kəndində yaşayan qardaşı 48 yaşlı Zeynal Ələkbərovun
itkin düşdüyünü bildirib. Bununla əlaqədar, Rayon Prokurorluğu və
Rayon Polis Şöbəsi əməkdaşlarının birgə həyata keçirdikləri
istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Z. Ələkbərovun
ötən il yanvarın 16-da həyat yoldaşı Gülbəniz Ələkbərova tərəfindən
öldürülməsi müəyyən edilib və o, tutulub. İlkin istintaqla o da
məlum olmuşdur ki, Gülbəniz Ələkbərova keçən il yanvarın 16-da gecə
saat 03.00 radələrində aralarındakı şəxsi münasibətlər zəminində
yaranmış mübahisə nəticəsində əri Zeynal Ələkbərovun baş nahiyəsinə
balta ilə vuraraq onu qəsdən öldürüb və meyiti yaşadıqları evin
zirzəmisində basdırıb. İstintaq-əməliyyat qrupu tərəfindən
zirzəmidə basdırılmış meyit çıxarılaraq müayinə olunub, hadisə
yerindən cinayətin aləti olan 1 ədəd balta və digər maddi sübutlar
götürülüb.
Böyük ictimai rezonansa səbəb olan daha bir cinayət isə paytaxtın
Sabunçu rayonunda törədilib. Avqustun 1-də Bakı şəhər sakini Samir
Hüseynov polisə müraciət edərək bildirib ki, iyulun 31-də saat
15.00 radələrində özlərini iş adamı kimi təqdim edən şəxslər onu
birgə iş qurmaq adı ilə naməlum ünvana dəvət ediblər. O, həmin yerə
gəldikdən sonra orada olan 3 kişi və 1 qadın bıçaqla onu
hədələyərək əllərini bağlayıb azad olunması üçün 500 min dollar
tələb etmişlər. Fiziki təzyiq nəticəsində Samir Hüseynov tanışları
vasitəsilə 150 min dollar gətirdib. Pul verildikdən sonra həmin
şəxslər hadisə yerindən gediblər. Zərərçəkən isə qollarını açaraq
Polis Bölməsinə gəlib. Törədilmiş cinayət faktı ilə əlaqədar həyata
keçirilən əməliyyat-axtarış tədbirləri avqustun 8-də uğurla başa
çatıb. Bu ağır cinayəti törədənlər - Bakı şəhər sakinləri əvvəllər
məhkum olunmuşlar Vüsal İsbatov, Mirsəfa Mirbabalı, eləcə də Əliağa
Mirzəyev və Nübar Tarverdiyeva müəyyən edilərək saxlanılıb. Hazırda
qeyd edilən cinayət işləri üzrə zəruri istintaq hərəkətləri və
əməliyyat-axtarış tədbirləri davam etdirilir.