Dövlət Komitəsi armatur istehsal edən daha bir müəssisədə nöqsan aşkarladı
9 Avqust 2012 20:17 (UTC+04:00)
Standartlaşdırma, Metrologiya və Patent üzrə
Dövlət Komitəsi daha bir müəssisədə nöqsanlar aşkar edib.
Lent.az-ın məlumatına görə, Komitə yanında Texniki Tənzimləmə və
Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Xırdalanda
yerləşən "İCN KOMPANCY" MMC-də apardığı yoxlamalar zamanı bəzi
nöqsanlar aşkar edilib.
Dövlət Xidmətinin Sumqayıt ərazi İdarəsinin rəis
müavini Şəhla Yusifzadə jurnalistlərə açıqlamasında qeyd edib ki,
müəssisə armatur istehsal edir: "Binaların möhkəmliyi üçün
armaturun keyfiyyətli olması vacib şərtlərdəndir. Amma bu
müəssisədə istehsal olunan məhsulların keyfiyyətli olub-olmaması
məlum deyil". İdarənin rəis müavinin sözlərinə görə, məhsulun
hazırlanmasında istifadə edilən xammaldan laborator müayinələr
götürülməlidir: "Amma burada laboratoriya mövcud deyil. Bundan
başqa istehsal olunan məhsulun üstündə yarlıq vurulmalıdır. Amma bu
müəssisədə sadalanan məsələlərə əməl
olunmur".
Ş. Yusifzadənin sözlərinə görə, analizlər
götürülüb və onun nəticəsinə uyğun qərar qəbul
olunacaq.
Qeyd edək ki, müəssisə rəhbərliyi deyilən iradları
qəbul etməyib.
Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri
Fazil Talıblının Lent.az-a verilən məlumata görə, istehsal
müəssisələrində araşdırmalar davam etdiriləcək.