Bakıda 2822 marşrut avtobusu şütüyür - STATİSTİKA

9 Avqust 2012 20:48 (UTC+04:00)
Hazırda Bakı şəhərində ümumilikdə 2822 avtobus sərnişinlərə xidmət göstərir. Lent.az-ın məlumatına görə, bu barədə nəqliyyat sektorunda 2012-ci ilin 6 ayı ərzində yerinə yetirilmiş işlərin nəticələri haqqında hazırlanmış arayışda qeyd olunub. Məlumata görə, paytaxtda əhaliyə xidmət göstərən avtobuslardan 1416 ədəd iri, 1096 ədəd orta və 310 ədəd kiçik tutumludur. 

Bundan başqa Bakı şəhərində avtobus marşrutlarının optimallaşdırılması və dayanacaqların quraşdırılması ilə bağlı işlər də yekunlaşdırılıb. Belə ki, Nəqliyyatı İntellektual İdarəetmə Sistemi layihəsi çərçivəsində Avtobus informasiya sisteminin yaradılması üçün lazım olan əsas məlumatların hazırlanması ilə əlaqədar müvafiq işlər aparılıb. 3434 nəfər sürücü və 2725 ədəd nəqliyyat vasitələri haqqında toplanmış ətraflı məlumatlar, avtobus marşrutlarının son variantının, avtobusların hərəkət cədvəlinin və dayanacaqların siyahısı kodlaşdırılıb.

Avtobus marşrut sxemlərinin təkmilləşdirilməsi və avtobuslarda quraşdırılmış bort avadanlıqlarının tənzimlənməsi ilə bağlı müvafiq işlərin aparılması davam etdirilir.