“Vahid namizəd olmaq iddiaları anormal təfəkkürün məhsuldur”

10 Avqust 2012 08:59 (UTC+04:00)

"Müxalifət çoxspektrli olduğuna görə, bu düşərgənin vahid namizədinin olması mümkün deyil". Bu açıqlamanı APA-ya Azadlıq Partiyasının sədri Əhməd Oruc verib.

Partiya sədri deyib ki, bu gün Azərbaycan müxalifətində kommunist, sosialist, İslam, millətçi, demokrat və liberal cərəyanların daşıyıcıları var və bunların eyni ideya ətrafında birləşməsi mümkün deyil: "Bu fərqli qüvvələri yalnız konkret şəxsə qarşı yönəlmiş maraq birləşdirə bilər ki, bu cür birləşməni isə doğru saymıram. Yalnız milli demokratik qüvvələr vahid namizədi müəyyənləşdirərək seçkiyə gedə bilərlər. Bir çox ölkələrdə bir ideya daşıyıcıları olan partiyaların vahid komandası mövcuddur. Seçkilərdə də bu komanda öz arasından namizəd müəyyənləşdirərək, irəli çəkir. Bizdə isə təmamilə fərqli yanaşma mövcuddur. Müsavat Partiyasının funksionerləri öz sədrlərini güclü hesab edərək, İsa Qəmbərin namizəd olmasını israrla irəli sürür. Digəri deyir ki, ən çox həbs olunan bizim partiya üzvləridir, ona görə, bizim sədr namizəd olmalıdır. Başqa biri xaricdə tanışlarının çox olduğunu əsas gətirərək, namizəd olmaq istədiyini söyləyir. Bunlar hamısı anormal təfəkkürdən irəli gələn yanaşmalardır".

Ə. Oruc əlavə edib ki, Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli və İctimai Palatanın Koordinasiya Şurasının üzvü Pənah Hüseyn sabiq prezident Əbülfəz Elçibəyin komandasında rəhbərlikdə təmsil olunublar: "Bu şəxslər Sürət Hüseynovun qarşısında duruş gətirə bilməyiblər. Belələrinin təkəbbürlə yenidən ölkə idarəçiliyində iştiraka iddia etməsi Azərbaycan cəmiyyətinin yaddaşının zəifliyinə hesablanıb. Guya onlar yenidən hakimiyyətə gəlsələr nə edəcəklər? Əlbəttə milli demokratik düşərgə bir araya gəlməlidir, seçki qanununda dəyişikliklərlə bağlı fəaliyyət göstərməlidir, gərginlik aradan qaldırılmalıdır. Biz bir arada olandan sonra nəyi isə razılaşdırmaq olar. Yoxsa 20 ildir müxalifətçilik etmiş, bütün məsələlərdə qaranlıq mövqe tutmuş, ən kritik məqamlarda ya aradan çıxmış, ya hakimiyyətlə iş birliyində olan, 10 il parlamentdə iqtidara yalançı müxalifətçilik etmiş adamları yenidən müxalifətin lideri kimi sırımaq istəyirlərsə, bununla necə razılaşa bilərik? Bu, absurddur və mümkün olmayacaq".