İran vizasının alınması ilə bağlı bəzi proseslər ləğv olunub

10 Avqust 2012 11:28 (UTC+04:00)
İrana səfər etmək üçün vizanın alınması ilə bağlı müraciət edənlərin sayı həddən çox olduğundan İranın Bakıdakı konsulluğu vizaların verilməsi xidmətinin yaxşılaşdırılması üçün bir sıra tədbirlər görür. Bunu Trend-ə cümə axşamı İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Abbas İsgəndəri bildirib. İsgəndəri deyib ki, viza almaq üçün lazım olan bəzi proseslər ləğv olunub. Onun sözlərinə görə, xüsusilə, xəstələr üçün imtiyazlar mövcuddur. Həkimdən tibbi sənədləri olarsa, onlara viza qısa zamanda verilir.
"Bundan başqa, sabah İranda Həzrət Əlinin (ə) vəfatı ilə əlaqədar rəsmi tətil olmasına baxmayaraq, İran konsulluğu işləyəcək və əhaliyə xidmət göstərəcək", - deyə o bildirib.
İsgəndəri qeyd edib ki, viza rejimi tətbiq olunandan sonra İrana getmək istəyən şəxslərin çoxluğuna görə konsulluq qarşısında növbə yaranır: "Konsulluğun əməkdaşları iş vaxtı bitdikdən sonra da viza alanların işini yerinə yetirmək üçün əlavə çalışırlar".
Avqust ayında Tehranda keçiriləcək Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət başçılarının Zirvə görüşü ilə əlaqədar 5-31 avqust tarixlərində Azərbaycan Respublikası vətəndaşlarına İran İslam Respublikasına səfər etmələri üçün viza rejimi tətbiq olunub.