İranda həbs olunan şairlər dövlətin əleyhinə təbliğata cəhddə
ittiham olunur. Bu məlumatı Kulis.az saytına həbs olunan şairlərdən
birinin-Şəhriyar Hacızadənin atası Hacı Mail verib.
Hacı Mail deyib ki, məhkəmədə bu ittahımın əsasız olduğu üzə çıxıb:
"Şahid ifadələri dinlənildi, uşaqlar da öz sözlərini dedilər.
Açıq-aydın görünürdü ki, bu ittihamın heç bir əsası
yoxdur".
Şairlərin vəziyyəti haqqında danışan Hacı Mail onlara işgəncə
verilmədiyini söyləyib: "Şəhriyarla Fərid məhkəmədə dedilər ki,
onlara məhbus kimi yox şair kimi baxıblar. Onlara heç bir işgəncə
verilməyib. Özlərini pis hiss etmirlər. Ancaq yenə də təsəvvür
edin, 3 aydır həbsdə yatan, qollarında qandal olan, Vətənindən,
yaxınlarından uzaq düşən adam necə olar?"
Növbəti məhkəmənin bu ayın 14-də keçiriləcəyini söyləyən Hacı Mail
ümidli danışıb: "Bizə çox yaxşı münasibət göstərdilər. Bundan başqa
məhkəmənin gedişi məni ümidləndirib. Ola bilsin ki, uşaqlara 3 ay
iş versinlər. Ümid edir və gözləyirik".