Avropa Azərbaycanın milyardlarını gözləməli olacaq

12 Aprel 2012 12:41 (UTC+04:00)

Bu gün maliyyə baxımından Azərbaycanın hər hansı problem yaşamadığı, əksinə kreditor və investor bir ölkəyə çevrilməkdə olduğu danılmaz həqiqətdir. Artıq bir sıra ölkələrə böyük həcmdə kreditlər verən Azərbaycan, həmçinin Avropada, bir çox MDB dövlətlərində fəal investor kimi çıxış edir. Bu istiqamətdə Dövlət Neft Şirkətinin (ARDNŞ) və Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) daha fəal olduğu da aydın nəzərə çarpır.
Bunu sözügedən qurumların fəaliyyəti də aydın nümayiş etdirir. Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov qeyd edilənlərlə bağlı bildirir:  "Fond aktiv investisiya fəaliyyəti göstərir və 2012-ci ildən fond aktivlərini qızıla, daşınmaz əmlaka, yüksək likvidli səhmlərə yerləşdirməyə başlayıb. Bununla yanaşı, yeni neft-qaz emalı və neft-kimya kompleksinin tikinti layihəsinin miqyasını və onun Azərbaycan üçün əhəmiyyətini nəzərə alaraq ARDNF onun həyata keçməsi üçün maliyyə dəstəyi göstərməyə hazırdır".
Xatırladaq ki, Bakı şəhəri yaxınlığında, Ələtdə  yeni neft-qaz emalı və neft-kimya kompleksinin inşası nəzərdə tutulur və onun  2020-ci ildə işə salınması gözlənilir. Dövlət Neft Şirkətinin neft-qaz və neft-kimya layihəsi məsələləri üzrə departamentinin rəis müavini Şamil Həkimov bununla bağlı bildirib: "Kompleks neft emalı zavodu, qaz emalı zavodu, neft-kimya zavodu və istilik mərkəzindən ibarət olacaq. Kompleks mərhələli şəkildə həyata keçiriləcək. Birinci mərhələdə qaz emalı zavodunda işlərin sürətləndirilməsi nəzərdə tutulur".
O qeyd edib ki, 2012-ci ildə zavodun layihələndirilməsinə başlanacaq, 2017-ci ildə isə qaz emalı zavodu işə salınacaq: "Neft emalı zavodu və neft-kimya kompleksinin layihələndirilməsinə 2012-ci ildə başlanacaq. 2018-ci ilə qədər neft-kimya zavodunun əsas hissəsinin başa çatdırılması nəzərdə tutulur. 2020-ci ildə isə bütövlükdə kompleks işə düşəcək".
Ş.Həkimovun sözlərinə əsasən, qaz emalı zavodunun emal gücü ildə 10 milyard kubmetr olacaq: "Emal üçün Azərbaycanın qaz və neft-qaz yataqlarından hasil edilən təbii və sərt qazları qəbul edəcək. Gələcəkdə zavodun gücünün 15 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. Neft emalı zavodu ildə 10 milyon ton xam neftin emalını təmin edəcək.
Zavodda 70% Şirvan, Neft daşları və Suraxanı yataqları neftlərinin qarışıqlarından, 30% isə "AzəriLayt" markalı neftdən ibarət qarışıq istifadə olunacaq. Zavodda alternativ xammal qarışığı da nəzərdən keçirilib. Həmin qarışıqda Rusiyanın və Qazaxıstanın nefti də istifadə ediləcək".
Ekspertlər qeyd edir ki, Avropada iqtisadi tənəzzülün dərinləşdiyi bir vaxtda buraya böyük həcmdə sərmayə yatırmaq təhlükəlidir. Bu səbəbdən də Azərbaycan milyardlarla dollar sərmayəni ölkə daxilində yatırmağı indi daha məqbul hesab edir.
Xatırladaq ki, hazırda Avropada borc böhranı yaşanır. Bu da dünya maliyyə bazarlarına ciddi şəkildə mənfi təsir edir. Qeyri-sabit vəziyyətin nə vaxta qədər davam edəcəyi isə məlum deyil. Bu səbəbdən də elə Dövlət Neft Fondu səhmlərin alışı istiqamətində gözləmə mövqeyi tutub. İqtisadçı ekspertlər xatırladır ki, bu vaxta qədər Dövlət Neft Fondu vəsaitlərini daha çox Amerika Birləşmiş Ştatlarının federal istiqrazlarının alınmasına yönəldib. Lakin Amerikada da özünü göstərən iqtisadi problemlər göstərir ki, bu tip böhranlardan dövlət istiqrazları belə sığortalanmayıb. Bu səbəbdən hesab edilir ki, Dövlət Neft Fondu  aktivlərin idarə edilməsi ilə bağlı yeni  strategiyaya keçməlidir. Düzdür, fond aktivlərini qızıla, daşınmaz əmlaka, yüksək likvidli səhmlərə yerləşdirməyə başlayıb. Lakin aktivlərin idarəçiliyi ekspertlərə görə daha genişmiqyaslı olmalıdır.
Bütün hallarda idarə olunan vəsaitlər əlavə gəlir gətirməlidir. O baxımdan fondun yeni investisiya strategiyası işləyib hazırlaması olduqca vacibdir. Həmin strategiyada vəsaitlərin necə yerləşdirilməsi, yığım, yoxsa investisiya formasında saxlanılması, hansı hissəsinin yığıma, hansı hissəsinin isə investisiyaya yönəldilməsi məsələlərinə diqqət yetirilməlidir. Fondun investisiya strategiyası dünya bazarında baş verən proseslərin sonradan nəzərə alınmasını deyil, öncədən proqnozlaşdırılması, qlobal tendensiyaların təyin edilməsi üzərində qurulmalıdır. Əks-halda fondun investisiya siyasəti vəsaitlərin idarə olunmasından əldə edilən gəlirlərin artımına imkan verməyəcək.
Ekspertlərin fikrincə, fondun qısamüddətli deyil, uzunmüddətli investisiya strategiyası olmalıdır. Bu strategiya vəsaitlərin idarə olunması ilə bağlı müxtəlif alternativləri müqayisə etmək və daha uyğununu seçmək imkanı verməlidir. Artıq bu istiqamətdə müəyyən addımlar atılır. Fondla yanaşı, ARDNŞ də fəal investisiya siyasəti həyata keçirməyə indi daha çox diqqət yetirməyə başlayıb. Bu şirkət tərəfindən Azərbaycandan neft və qaz ixracı şəbəkəsi yaradılıb və o uğurlu fəaliyyət göstərir. Həmçinin Azərbaycan qazının Avropaya daha sərfəli ixrac variantları öyrənilir. Bundan başqa, ötürmə qabiliyyəti 60 milyard  kubmetr və daha da artırılma imkanları olan TANAR layihəsinin reallaşdırılması planlaşdırılır.
 ARDNŞ Türkiyədə aktiv fəaliyyət göstərir, yeni NEZ tikir, "Petkim" kompleksi hesabına Türkiyənin neft məhsulları bazarında payını 40%-ə qədər artırmağı planlaşdırır. Həmçinin şirkət Gürcüstanın qaz bazarının 75%-nə nəzarət edir, Ukrayna, İsveçrə, Rumıniya və digər ölkələrdə fəaliyyətini aktiv surətdə inkişaf etdirir".

Səməd CƏFƏROV