Quraqlıq təhlükəsi Azərbaycanı da gözləyir?!

11 Avqust 2012 08:23 (UTC+04:00)

Hazırda dünyanın bir sıra ölkələrini kəskin quraqlıqlar bürüyüb. Quraqlıqlar nəticəsində bir sıra ölkələrdə kənd təsərrüfatı məhsulları məhv olub, hətta iri miqyaslı meşə yanğınları da baş verir. Məsələn, hazırda ABŞ-ın bir sıra ştatlarını bürüyən quraqlıq nəticəsində orada dənli bitkilərin istehsalının azaldığı müşahidə olunur. Rusiyada, Qazaxıstanda, Cənubi Amerikada da eyni hallar müşahidə olunur.

Azərbaycana gəldikdə, ölkəmizdə hazırda havalar həddən artıq isti keçir. Bu dövrdə yağıntının miqdarı kəskin şəkildə azalıb. Düzdür, hava şəraitinin isti keçməsinə rəğmən ölkədə hələ ki, kəskin quraqlıqlar müşahidə olunmur. Amma təbii şəraitdən asılı olaraq bir çox ölkələrdə özünü göstərən quraqlığın Azərbaycanda da baş verməsi mümkün variantlardandır. Görəsən, mütəxəssislər nə düşünür, Azərbaycanda da quraqlıq kimi fəlakətin olması ehtimalı nə dərəcədədir?

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun əməkdaşı Ənvər Əliyev ölkəmizdə digər dövlətləri bürüyən quraqlıq kimi təbii fəlakətin olub-olmayacağını qabaqcadan proqnozlaşdırmağın mümkün olmadığını dedi: "Hazırda planetin şimal yarımkürəsində yay fəslidir. Ona görə də planetin bu hissəsində quraqlıqların olması, yağıntıların az düşməsi gözləniləndir, belə hallar mümkündür. Ona görə də quraqlıq amilini bir faciəyə çevirməyə də dəyməz. Bir-iki ay ərzində cari ildə ölkəmizdə quraqlığın olub-olmayacağı barədə proqnozlar verə bilmərik. Bilirsiniz ki, çoxillik, 100-150 illik iqlim göstəricilərinin orta rəqəmi çıxmayınca, iqlimlə bağlı rəqəmi dəqiq tapmaq mümkün deyil. Ümumilikdə sırf iqlimşünasların tədqiqatlarına əsasən deyə bilərəm ki, son yüz ildə planetin temperaturunda orta hesabla 0,2-0,3 dərəcədə enmə və qalxmalar var. Müəyyən enlik və hündürlükdə, məsələn 500-700 metr yüksəklikdə, bu dərəcə bir qədər çox, 200-300 metrlikdə isə bir qədər azdır. Yəni demək istəyirəm ki, quraqlığın olub-olmayacağı barədə konkret fikir bildirmək elmi cəhətdən təsdiqlənməyib. Əslində quraqlıq məsələsi də adi təbii hadisədir. Quraqlıq ola da bilər, olmaya da. Amma onu faciəyə çevirmək, qloballaşdırmağa ehtiyac yoxdur".

Müstəqil ekspert Telman Zeynalov da Azərbaycanın quraqlıqla qarşı-qarşıya qalacağını mümkün hesab etmədi: "Həqiqətən də bu il dünyanın bir sıra dövlətlərində kəskin quraqlıqlar baş verib. Bu da havaların həddən ziyadə isti keçməsi, yağıntının miqdarının azalmasının nəticəsidir. Ona görə də bəzi ölkələrdə meşə yanğınları, kənd təsərrüfatı məhsullarının məhv olması halları geniş yayılıb. Azərbaycana gəldikdə, hazırda ölkəmizdə də iqlim şəraiti istidir. Amma buna baxmayaraq, kəskin quraqlıqların olması gözlənilmir. Düzdür, bunu dəqiq proqnozlaşdırmaq da mümkünsüzdür. Amma artıq yay mövsümünün əsas hissəsi başa çatmaq üzrədir. Təxminən ay yarımdan da az müddətdən sonra payız fəslinə start veriləcək. Yəni demək istəyirəm ki, tədricən isti hava şəraiti zəifləyəcək. Bu halda da quraqlığın olması ehtimalı azalır. Ona görə də ölkəmizdə quraqlıq kimi təbii fəlakətin yaxın dövrlərdə olacağı gözlənilmir".