Boks Federasiyasından AIBA-ya iki apellyasiya şikayəti

12 Avqust 2012 12:33 (UTC+04:00)

Azərbaycan Boks Federasiyası Beynəlxalq Həvəskar Boks Assosiasiyasına (AIBA) iki apellyasiya şikayəti verib.

APA-nın xəbərinə görə, federasiya 91 kq çəki dərəcəsində yarımfinalda döyüşən Teymur Məmmədova məğlubiyyət verilməsi ilə bağlı yazılı etiraz bildirib.
Boks Federasiyasının vitse-prezidenti Ağacan Abıyevin bildirdiyinə görə, Teymur Məmmədovun italyalı boksçunu nokauta salmasına və aşkar qalibiyyətinə baxmayaraq, hakimlər qələbəni onun rəqibi Klemente Russoya veriblər: "Azərbaycan tərəfinin etirazına baxılsa da, nəticə dəyişmədi".
Bu gün isə Azərbaycan boks yığmasının məşqçilər korpusu London Yay Olimpiadasında yarışan digər boksçumuz Məhəmmədrəsul Məcidovun italiyalı Roberto Kamarelle ilə yarımfinal döyüşünün nəticəsindən AİBA-ya apelyasiya şikayəti verib. Azərbaycan tərəfi bu döyüşlə bağlı da hakimlərin qərarından şikayətçi olub.