Bu gün açılan 5 metrostansiya yenidən bağlanır

13 Avqust 2012 16:29 (UTC+04:00)
"Avtovağzal" stansıyasının və "Memar Əcəmi" stansiyasının 2-ci çıxışının inşası ilə əlaqədar "20 Yanvar", "Memar Əcəmi", "Nəsimi", "Azadlıq prospekti" və "Dərnəgül" stansiyalarının fəaliyyəti ikinci dəfə də bir neçə günlüyə dayandırılacaq. Bununla bağlı yaxın günlərdə elan veriləcək

Tikinti işlərinin aparılması ilə əlaqədar Bakı Metropoliteninin müvəqqəti bağlanmış 5 stansiyası ("20 Yanvar", "Memar Əcəmi", "Nəsimi", "Azadlıq prospekti" və "Dərnəgül" ) bu gün səhər açılıb və sərnişinlərin hərəkəti təmin edilib. Bu barədə bazar ertəsi Trend-ə Bakı Metropolitenindən məlumat verilib.
Məlumata görə, "Avtovağzal" stansıyasının və "Memar Əcəmi" stansiyasının 2-ci çıxışının inşası ilə əlaqədar "20 Yanvar", "Memar Əcəmi", "Nəsimi", "Azadlıq prospekti" və "Dərnəgül" stansiyalarının fəaliyyəti ikinci dəfə də bir neçə günlüyə dayandırılacaq. Bununla bağlı yaxın günlərdə elan veriləcək.
Qeyd edək ki, bu stansiyaların bağlanması Bakı Metropoliteninin Bənövşəyi xəttinin inşası ilə əlaqədar idi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 mart 2011-ci ildə imzaladığı "Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi" və "Bakı Metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq, Bənövşəyi xəttin "Avtovağzal" və "Memar Əcəmi-2" stansiyaları 2013-cü ildə istismara verilməlidir. Tikinti başlandığı vaxtdan burada ən müasir tunelqazma maşınları tətbiq olunmağa başlayıb və bu da qazıntının sürətlə aparılması təkan verib. Artıq "Avtovağzal" və "Memar Əcəmi-2" stansiyaları arasındakı hər birinin uzunluğu 2000 metrə çatan iki tunelin inşası başa çatdırılıb. Layihəçilərin təklifinə əsasən, tunellər "Memar Əcəmi-2" stansiyasının altından keçməli idi.
Dünya praktikasında qəbul olunmuş təcrübəyə əsasən, belə hallarda yeni inşa olunan tunellərin inşası kəsişmə sahəsindən keçərkən, mövcud xəttin həmin sahəsinin fəaliyyəti dayandırılır. Bu, ilk növbədə, sərnişinlərin təhlükəsizliyi, daha sonra inşaat işlərinin risksiz yerinə yetirilməsi məqsədilə atılmış addımdır. Qeyd edilənləri əsas götürərək, layihəçilər və tikintini aparan təşkilatlar Yaşıl xəttin bu istiqamətində qatarların hərəkətinin dayandırılmasını təklif etmişdilər.
Hazırda Yaşıl xəttin qeyd edilən hissəsindən Bənövşəyi xəttin sağ tunelində qazma işi aparan "Robins" tunelqazma kompleksinin də həmin sahədən keçməsi istiqamətində işlər aparılır. Bu tip qurğularla inşaatın aparılmasına, təhlükəsizliyin təminatına və texniki tələblərə uyğun olaraq, eyni istiqamətdə hərəkət edən iki tunelqazma kompleksi arasında ən azı 80-100 metr məsafə fərqi olmalıdır. Bu səbəbdən, hazırda sol tunelin qazma işlərinin başlanması ilə bağlı işlər davam etdirilir.
Bənövşəyi xəttin tunellərinin "Memar Əcəmi-2" stansiyasından keçən hissəsinin uzunluğu 40 metrə bərabərdir. 2012-ci il avqust ayının 9-da saat 22:00-da başlanılmış iş artıq yekunlaşıb və tunelqazma kompleksi Ceyhun Səlimov küçəsində yerləşən "B-3" stansiyasına doğru üz tutub. Həmin tunelin uzunluğu 1300 metrdir.