Azərbaycanlılara qarşı yeni nasist hücumları...

12 Aprel 2012 13:25 (UTC+04:00)
Rusiyada etnik zəmində cərəyan edən hadisələr yenidən gündəmin əsas mövzularından birinə çevrilməkdədir. Məsələni aktual edən əsas məqamlardan biri isə baş verənlərdən Rusiyada yaşayan və əmək fəaliyyəti ilə məşğul olan soydaşlarımızın da əziyyət çəkməsidir.
Hələlik isə Rusiyada Qafqazdan olanlara qarşı hücumların artdığı bildirilir. İndiki vəziyyətdə belə məlumatlar da çoxalmağa başlayıb ki, baş verənlərin hamısı eyni mərkəzdən idarə olunur.
Belə bir vaxtda isə Rusiyada daha bir soydaşımız amansızlıqla qətlə yetirilib.  Rusiya vətəndaşı olan 33 yaşlı Mətin Mehdiyevin cəsədi Moskvada boğazı kəsilmiş halda tapılıb. "Frans Press" agentliyi xəbər verir ki, bu barədə onun keçmiş müdiri bildirib və qətldə ultra millətçiləri günahlandırıb. Məlumatlara görə, qətlə yetirilən şəxs Moskvanın mərkəzindəki evinə dükandan gəldiyi zaman bir qrup adam ona hücum edib. Rusiya İslam Mədəniyyət Mərkəzinin nümayəndəsi Məryəm Nalobina şahidlərə istinadla bildirib: "Beş adam, o cümlədən gənc qadın onu əvvəlcə döyüb, sonra isə boğazını kəsib". Nalobina deyib ki, qətlin nifrət zəminində olmasının bütün əlamətləri var. O, AFP-ə bildirib ki, ötən il Sankt-Peterburqda çoxlu belə qətllər törədilib: "2003-cü ildə Mehdiyev millətçilərin hücumuna məruz qalmış və xəstəxanaya aparılmışdı, İslam Mədəniyyət Mərkəzi bildirib. Onun həyat yoldaşı və iki aylıq uşağı var. Onun gənclər arasında hörməti və nüfuzu vardı". Mehdiyev bir çox təşkilatlar - Rusiya Müftilər Şurası və Rusiya Qafqaz Xalqları Konqresi kimi qurumlarda işləyib. Moskva polisinin sözçüsü "üzərində bıçaq yaraları olan kişi cəsədi" tapıldığını təsdiq etsə də, əlavə məlumat verməyib.
O da bildirilir ki, Rusiyada qeyri-slavyanlar tez-tez nasist qruplaşmaların hücumuna məruz qalır. Hakimiyyət isə iddia edir ki, millətçi zəmində törədilən cinayətlərin sayı azalıb.
Rusiya İslam Komitəsinin nümayəndəsi Heydər Camal isə baş verənlərlə bağlı bildirir: "Mətin Mehdiyev oğlum Orxanın yaxın dostu idi. Onu mən də tanıyırdım. O, bizi toyuna dəvət etmişdi. Onun iki aylıq övladı atasız qaldı. Rusiya Federasiyasının İstintaq Komitəsi bunun millətlərarası münaqişəyə aidiyyəti olmadığını açıqlamaqda tələsdi. Fikrimcə, İstintaq Komitəsi hansısa mənada haqlıdır, çünki bu küçədə sərbəst gəzən qafqazlının və ya asiyalının skinxedlərlə təsadüfi toqquşması deyil". O bildirib ki, Mətin Mehdiyev adi Moskva sakininə bənzəyir və rusca səlis danışırdı: "Onun xarici görünüşündə diqqəti cəlb edəcək zədə olmayıb. Məhz buna görə qətlin sifarişli və məqsədyönlü olduğunu, burada yaşayan müsəlmanlara psixoloji zərbə endirmək üçün həyata keçirildiyini düşünürəm".
H.Camalın fikrincə, bu addım cəmiyyətdə gərginliyi artırmaq məqsədi daşıyır və Mətin Mehdiyevin hədəf seçilməsi təsadüfi deyil. Belə ki, bu cinayət prezident və baş nazir tərəfindən nəzarətə götürülməyəcək, digər tərəfdən, bu cür nüfuzlu şəxsin qətlə yetirilməsi şok effekti, insanlar arasında narazılıq dalğası yaradacaq. Ümumiyyətlə, son dövrlər   Rusiyanın millətlərarası gərginlik və ultrairqçi qruplar sahəsindəki problemləri çoxdan qalmadır. Ölkə müxalifət bildirir ki, vətənpərvərlik barədə təmtəraqlı demoqogiyası ilə hakimiyyət dözülməzlik, ksenofobiya və hətta irqçi hisslərin baş qaldırmasına rəvac verib. Bir çox xarici media vasitələri artıq indidən belə bir sual qaldırıblar: Rusiya dünya çempionatına gələcək xarici komanda və azarkeşlərin təhlükəsizliyini təmin etməyə nə dərəcədə qabildir? Ümumrusiya İctimai Fondunun rəhbəri və Mətin Mehdiyevin yaxın dostu olan  Andrey Getmanov hadisə ilə əlaqədar bunları deyib: "Həmkarlarımdan öyrənmişəm ki, cinayət zamanı ətrafda şahidlər olub. Hücum dəstəsinin içində qız da var imiş. Bu da millətçilərin imzasına oxşayır. Belə ki, onlar "iş üçün" özləri ilə qız götürürlər. Tamaşanın ssenarisi təxminən belə olur: guya "qaralar" qıza sataşırdı, biz də yanından keçəndə onu qorumuşuq".
Getmanov Mehdiyevin məqsədli şəkildə öldürülə biləcəyini də deyib: "Öldürülənin boğazından kəsilməsi də millətçi zəmində qətlin xüsusiyyətlərindəndir".
Beləliklə, Rusiyada irqi zəmində hücumlar hələ də problem olaraq qalır. Qeyd edək ki, milli zəmində yaşanan problemlər Rusiya hakimiyyəti üçün də ciddi baş ağrısıdır. Bu səbəbdən qeyd olunur ki, milli zəmində cinayət törədənlərə qarşı çıxarılan hökmlərin, belə demək olarsa, keyfiyyəti yaxşılaşır.
Keyfiyyətin nə mənada yaxşılaşdığını isə Rusiyanın "Sova" Analitik Mərkəzi belə izah edir: "Yəni əvvəllər skinhedlərə qarşı daha çox Cinayət Məcəlləsinin 282-ci maddəsi - nifrətin nümayişkaranə şəkildə bildirilməsi ("qaralara ölüm" və s. şüarlar səsləndirmə) ilə bağlı maddə tətbiq olunurdusa, indi tətbiq olunan maddələrin sayı artır. Axı baş verən cinayətlər yalnız 282-ci maddənin tərkibilə məhdudlaşmır. Bizim Cinayət Məcəlləsində milli zəmində nifrətə görə cinayətləri daha dəqiq ifadə edən maddələr var - məsələn, milli zəmində xuliqanlıq, milli zəmində döymə və s. Artıq bu maddələri fəal şəkildə tətbiq etməyə başlayıblar. Yazda milli zəmində cinayətlərə görə 8 hökm çıxarılıb və onların yalnız birində 282-ci maddə tətbiq edilib. Dəqiq maddələrdən istifadə də irəliyə doğru böyük addım sayılmalıdır".

Əsgər CAVADOV