Azərbaycanda mənzil növbəsində duranlara torpaq sahələri verilə bilər
14 Avqust 2012 13:52 (UTC+04:00)
Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyası (AHİK) ev tikintisi üçün torpaq sahələrinin
ayrılması prosesinin sadələşdirilməsi ilə bağlı Nazirlər Kabinetinə
müraciət etmək niyyətindədir. "APA-ECONOMICS"in məlumatına görə,
bunu AHİK sədri Səttar Mehbalıyev bildirib.
Onun sözlərinə görə, Nazirlər Kabineti, AHİK və Azərbaycan
Sahibkarlar Konfederasiyasının imzaladığı Baş Kollektiv Sazişdə
nəzərdə tutulub ki, uzun müddət mənzil növbəsində duran
vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması üçün onlara heç
olmasa torpaq sahəsi verilsin ki, insanlar özlərinə ev tiksinlər:
"Elə adam var, SSRİ dövründən 30-40 il mənzil növbəsində durub,
sonradan zavod dağılıb, onları keçiriblər Bakı şəhər İcra
Hakimiyyətinin mənzil növbəsinə və s. Belə problemlər var və biz
bunların aradan qaldırılmasını istəyirik".
AHİK sədrinin sözlərinə görə, bu məsələ (işçilərə torpaq ayrılması)
respublika səviyyəsində həll edilməlidir: "Rayonlarda da hər hansı
kolxoz-sovxoz və ya zavodlarda işləyənlər olub və onlar da vaxtı
ilə növbəyə durublar. Onlara da öz rayonlarından torpaq sahəsi
verilməsi nəzərdə tutulur".
S.Mehbalıyev bildirib ki, Baş Kollektiv Sazişin imzalanmasından
keçən vaxt ərzində hələlik bu sahədə işlər başlanmayıb. Bununla
əlaqədar olaraq AHİK hökumətə müraciət edərək müqavilədəki bu bəndi
xatırladacaq: "3-4 ay keçəndən sonra məktub yazacağıq ki, sizin bu
maddə hələ işləmir, baxın görün bunun həyata keçirilməsi üçün nə
etmək olar".
Qeyd edək ki, Azərbaycanda əhaliyə şəxsi mənzil tikintisi üçün
torpaq sahələrinin ayrılması prosesinin sadələşdirilməsi Nazirlər
Kabineti, AHİK və ASK arasında 2012-2013-cü illər üçün imzalanmış
Baş Kollektiv Sazişdə nəzərdə tutulur. Sazişdə bildirilir ki,
sənədi imzalayan tərəflər əhaliyə şəxsi mənzil tikintisi üçün
torpaq sahələrinin ayrılması prosesinin və mənzil tikintisi üçün
kreditlərin verilməsi sisteminin təkmilləşdirilməsinə, tikinti
materiallarının qiymət və keyfiyyətinə nəzarətin gücləndirilməsi
üçün tədbirlər görəcəklər.