Azərbaycan qaz hasilatını kəskin azaldıb

14 Avqust 2012 17:24 (UTC+04:00)
Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda neft-qaz hasilatı 2011-ci ilin analoji dövrünə nisbətən azalıb. Dövlət Statistika Komitəsindən "APA-ECONOMICS"ə verilən məlumata görə, hesabat dövründə ölkədə 25,8 mln. ton neft və 10,3 mlrd. kubmetr qaz hasil edilib. Bu da, 2011-ci ilin ilk yeddi ayı ilə müqayisədə müvafiq olaraq 6,8% və 31,8% azdır. Belə ki, 2011-ci ilin yanvar-iyul aylarında ölkədə 27,7 mln. ton neft və 15,1 mlrd. kubmetr qaz hasil edilib.
Qeyd edək ki, növbəti 4 ildə Azərbaycan neft hasilatını tədricən artırmaq niyyətindədir. Belə ki, 2012-ci ildə ölkədə 45 977,1 min ton, 2013-cü ildə 45 896,6 min ton, 2014-cü ildə 49 562,9 min ton, 2015-ci ildə isə 50 956,6 min ton neft hasil olunacağı gözlənilir. Göründüyü kimi, Azərbaycan artıq 4 ildən sonra neft hasilatı üzrə 2010-cu ilin səviyyəsinə çıxacaq.

Qaz proqnozuna gəldikdə isə, 2012-ci ildə ölkədə qaz hasilatının həcmi 28,280 mlrd. kubmetrə, 2013-cü ildə – 29,220 mlrd. kubmetrə, 2014-cü ildə – 29,540 mlrd. kubmetrə çatacaq, 2015-ci ildə isə 2014-cü ilə nisbətən 0,8% azalaraq 29,310 mlrd. kubmetr təşkil edəcəyi gözlənilir.
Xatırladaq ki, 2011-ci ildə Azərbaycanda 45,4 mln. ton neft və 25,7 mlrd. kubmetr qaz hasil edilib. Bu da 2010-cu illə müqayisədə müvafiq olaraq 10,6% və 2% azdır. Belə ki, 2010-cu ildə ölkədə 50,8 mln. ton neft və 26,2 mlrd. kubmetr qaz hasil edilib.