Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
avqustun 7 və 14-də Azərbaycan Respublikasının dövlət orqanlarında
olan vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün iki
müsabiqə elan edib. Amma bu müsabiqələrin əvvəlki müsabiqələrdən
fərqi odur ki, bu dəfə vakant vəzifələr üzrə əməkhaqları
göstərilməyib.
Komissiyanın mətbuat xidməti bunun səbəbləriniModern.az-a açıqladı.
Mətbuat xidmətindən Modern.az-a bildirildi ki, "Dövlət qulluğu
haqqında" Qanunda və təsnifatlarda dəyişiklik edilib. Yəni
təsnifatların sayı azaldılıb:
"Dəyişiklikdən əvvəlki qanunda 9 təsnifat var idisə, indi 7
təsnifat var. Amma yeni təsnifatlarda əməkhaqları haqqında olan
normativ aktın uyğunlaşdırılması aparılmayıb. Ona görə də biz
müsabiqələrdə əmək haqqını yerləşdirə bilmirik. Uyğunlaşdırılma
aparıldıqdan və yeni sərəncam verildikdən sonra növbəti
müsabiqələrdə böyük ehtimal ki, əməkhaqları yerləşdiriləcək".
Komissiyadan bildirilib ki, hazırda prezident tərəfindən
əməkhaqları haqqında yeni sərəncam verilməyib.
"Köhnə sərəncam qüvvədədir, amma köhnə sərəncam da tam olaraq yeni
qanuna uyğun deyil. Çünki yeni qanunda 7 təsnifat var, amma köhnə
sərəncam 9 təsnifat üzrə əməkhaqlarını müəyyən edir".
Azərbaycanda dövlət qulluqçularının aylıq vəzifə maaşlarının
məbləği ilə bağlı ölkə başçısının yeni sərəncam verəcəyi
gözlənilir. Bu sərəncamla məmurların maaşının artacağı
bildirlir.
Modern.az-ın araşdırmasına görə, Azərbaycanda dövlət
qulluqçularının aylıq vəzifə maaşlarının məbləği sonuncu dəfə ölkə
başçısının 2008-ci il 9 iyul tarixli, 2934 nömrəli sərəncamı ilə
müəyyənləşdirilib. Sonralar bir neçə dəfə dövlət
qulluqçularınınsosial müdafiəsini gücləndirmək məqsədi ilə onların
məvaciblərində cüzi artım olub.
Hazırda Azərbaycanda dövlət qulluqçularının əməyinin ödənilməsi "Dövlət qulluğu haqqında" qanunla tənzimlənir. Dövlət qulluqçusuna verilən məvacibin məbləği dövlət qulluğunun təsnifatına uyğunlaşdırılıb. Bura vəzifə maaşı, mükafatlar və vəzifə maaşına əlavələr da daxildir.
Ölkə başçısının 2008-ci il 9 iyul tarixli, 2934 nömrəli sərəncamı ilə Azərbaycandakı dövlət orqanlarında qulluq edən dövlət qulluqçularının aylıq vəzifə maaşının minimum məbləği inzibati vəzifələr üçün - 175 manat, yardımçı vəzifələr üçün - 120 manat müəyyən edilib. Dövlət orqanlarında dövlət qulluqçularının aylıq vəzifə maaşının maksimum məbləği isə 1900 manat civarındadır.