Amşen ermənilərinin Qarabağa köçü yenidən gündəmə gətirilir

15 Avqust 2012 08:51 (UTC+04:00)

Azərbaycanın işğal olunmuş ərazilərində dünyanın müxtəlif yerlərində yaşayan ermənilərin məskunlaşdırılması bu gün Ermənistan rəhbərliyinin xüsusi diqqət mərkəzindədir. Bunu Suriya ermənilərinin Dağlıq Qarabağa köçürülməsinə cəhd edilməsi istiqamətində olan fəaliyyət də təsdiq edir. Lakin bu dəfə ermənilərin yadına yenidən amşen erməniləri düşüb. Məsələ isə yenidən "Daşnaksütyun" partiyasının siyasi məsələlər üzrə eksperti Kiro Manoyan tərəfindən gündəmə gətirilib.

Onun sözlərinə görə, Yaxın Şərqdə baş verən hadisələr fonunda Ermənistana qayıtmaq istəyən ermənilərin sayı artacaq. Onların bir qismi isə ya Dağlıq Qarabağda yerləşdiriləcək, ya da bunun üçün stimullaşdırılacaqlar.

Onun sözlərinə görə, hökumət bu məsələyə imkanları çərçivəsində yardım etməlidir. Amşen ermənilərinə gəlincə, o, bu şəxslərin erməni ictimaiyyətinə inteqrasiyası üçün onlara hər cür yardımlar göstərilməsinin vacibliyini bildirib. Kiro Manoyan hesab edir ki, ilkin mərhələdə 200 amşen ermənisi Qarabağda məskunlaşa bilər.

Qeyd edək ki, Suriya ermənilərinin də Qarabağda məskunlaşmasının əsas təşəbbüskarlarından biri məhz "Daşnaksütyun" partiyasıdır. Yeri gəlmişkən onu da bildirək ki, Suriyada da xeyli sayda amşen enrməniləri var və onlar da Bəşər Əsədin əsas tərəfdarlarından olublar.

Dəməşq Dövlət Universitetinin müəllimi, tarix elmləri doktoru Nora Arisyan isə qeyd edir ki, rəsmi statistikaya görə, ölkədə 60-70 min xristian erməni yaşayır. Buraya 100 minlik amşen erməniləri də əlavə etsək, hamısının durumu çox ağırdır.

Erməni tarixçisi Ara Sancyan Suriya, Livan və digər Orta Doğu ölkələrindəki erməni icmalarının son durumunu araşdıraraq belə qeyd edirdi: "Bizlər İraqda Səddam rejimini 30 il müdafiə etdik. 2003-cü ildə onun rejimi devriləndən sonra İraqın Süleymaniyyə, Kərkük və Mosul şəhərlərindəki 25 min nəfərlik erməni icması pərən-pərən oldu. İndi iraqlı ermənilər dünyanın dörd tərəfində mühacirət ömrünü yaşamaq məcburiyyətində qalmışlar. Misirdə Hüsnü Mübarəkin 30 illik rejimi devrildi. Bu dəfə 40 minlik misirli erməni oradan dünyaya səpələnməyə məcbur oldu. İndi də Suriya ermənilərini belə bir aqibət gözləyir. Suriya erməniləri ya aclığa, səfalətə və işgəncələrə dözərək yeni bir rejimin hakimiyyətə gəlməsini gözləməli, ya da beynəlxalq xristian həmrəyliyi sayəsində dünyaya səpələnmək üçün hərəkətə keçməlidir. Təəssüflər olsun ki, indiki məqamda hələlik bu şərtlərin heç biri real görünmür: "Bizim əsas ümidimiz baş vermiş üsyanların tezliklə başa çatmasıdır".

Bir daha qeyd edək ki, Suriyada yaşayan ermənilər xristian və müsəlman inanclıdırlar. Xristian ermənilər isə katolik, protestant və qriqoryan məzhəblərinə bölünürlər. Müsəlman ermənilər daha çox amşen adı ilə tanınırlar. Ermənilər Orta Doğuda "Kilikiya" və "Xalkedon" kilsəsinin nəzarəti altındadırlar. Onların belə durumda olmasını İrəvandakı ermənilər heç zaman qəbul etməyiblər. Lakin indi vəziyyət dəyişib.

Onu da bildirək ki, Suriyadan fərqli olaraq amşen enrmənilərinin Qarabağa köçürülməsi məsələsi ötən il də gündəmə gəlmişdi. Lakin bu məlumat sonradan təsdiqini tapmadı. Onu da bildirək ki, müharibə təhlükəsi, aclıq və səfalət, əslində ermənilərin Qarabağa köç etməsinin qarşısını alır və rəsmi İrəvanın cəhdlərinə baxmayaraq, ermənilər bu əraziləri tərk edirlər. Dağlıq Qarabağ və Ermənistanda isə ağır sosial-iqtisadi duruma görə bu ermənilər köçüb getməyi daha məqsədəuyğun hesab edirlər. Dağlıq Qarabağda yaşayan 150 minlik erməni əhalisinin 60-67 faizinin regiondan köçüb getməsi artıq danılmaz faktdır. 2010-cu ilin 12-16 oktyabr tarixində Xankəndində keçirilən "Ümumerməni Forumu"nda bölgədən erməni əhalisinin köç dalğasının qarşısının alınması barədə bir sıra problemlər gündəmə gətirilsə də, məsələnin həlli istiqamətində hər hansı ciddi addım atılmadı. Başda Xankəndi olmaqla bütün Dağlıq Qarabağ dotasiya ilə yaşadılan regiondur. Humanitar yardımların miqyası isə ildən-ilə azalmaqdadır. Xüsusilə erməni diasporunun 2008-ci il 19 fevralında Ermənistanda keçirilən prezident seçkilərində əhalinin gülləbaran edilməsindən sonra diaspor təşkilatları iki düşərgəyə bölünübdür. Məhz bundan sonra Dağlıq Qarabağ ermənilərinin miqrasiyası da artdı. Köç edənlər əsasən Quzey Qafqaza üz tuturlar.Quzey Qafqaz regionlarında ermənilər üçün yaşamaq nə qədər xoşdursa, bir o qədər də yeni problemlərin yaranmasına səbəb olur.