Azərbaycan prezidenti Ramazan ayı münasibətilə keçirilən iftar mərasimində iştirak edib
15 Avqust 2012 12:03 (UTC+04:00)
APA-nın
məlumatına görə, iftar mərasimində Azərbaycan prezidenti İlham
Əliyev də iştirak edib.
İftar mərasimi Qurani-Kərimdən ayələrin və Ramazan duasının
oxunması ilə başlayıb.
A. Paşazadə çıxış edərək, Ramazan ayı münasibətilə açılan iftar
süfrəsinə dəvəti qəbul etdiyinə görə prezident İlham Əliyevə dərin
minnətdarlığını bildirib.
Şeyxülislam, həmçinin mərasimdə iştirak edən din xadimlərinə
təşəkkür edib.
Rus Pravoslav Kilsəsinin Bakı və
Xəzəryanı Yeparxiyasının rəhbəri Aleksandr Ata, Rusiya Federasiyası
Qaraçay-Çərkəz və Çeçenistan respublikalarının müftiləri İsmayıl
Berdiyev və Sultan Mirzəyev mərasimdə çıxış edərək, Azərbaycanın
İslam həmrəyliyinin möhkəmlənməsinə, beynəlxalq aləmdə dinlərarası
dialoqun inkişafına verdiyi töhfələri yüksək qiymətləndirib və
təbriklərini çatdırıblar.
Prezident İlham Əliyev ənənəyə çevrilən iftar süfrəsini cəmiyyətin
vahidliyinin, ümumi amallar naminə ölkəmizdə dövlətlə din arasında
sıx birliyin bariz nümunəsi kimi dəyərləndirib. Dövlət başçısı
Azərbaycanda dinlərarası dialoqun nümunəvi xarakter daşıdığını,
ölkəmizdə bütün millətlərin nümayəndələrinin bir ailə kimi
yaşadıqlarını qeyd edib.
Prezident bəşəri dəyərlərə hörmətlə
yanaşan, beynəlxalq birliyə inteqrasiya edən Azərbaycanın İslam
həmrəyliyinə də töhfələrini əsirgəmədiyini vurğulayıb.
Azərbaycanın sosial-iqtisadi uğurlarından danışan ölkə başçısı XXX
London Yay Olimpiya Oyunlarında idmançılarımızın uğurlu çıxışlarını
ölkəmizin hərtərəfli inkişafının əyani nümunəsi və bu sahənin
tərəqqisi üçün dövlət səviyyəsində aparılan məqsədyönlü siyasətin
məntiqi nəticəsi kimi dəyərləndirib.
Prezident iftar mərasimi iştirakçılarına və xalqımıza Ramazan ayı
münasibətilə ən xoş arzularını çatdırıb.
Sonra iftar süfrəsi açılıb.