“Barəmdə yazılanlar iftira və böhtandır”

15 Avqust 2012 12:58 (UTC+04:00)
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov Türkiyənin "Hürriyyet" qəzetininin 13 - 14.08.2012-ci il tarixli saylarında Fatih Çekirgənin imzası ilə barəsində dərc olunmuş yazıya münasibət bildirib. M. Cabbarov APA-ya göndərdiyi açıqlamasında bildirib ki, o, hakimiyyət strukturlarında çalışdığı müddətdə etik davranışı ilə bağlı hər hansı irad və ya qınaq obyekti olmayıb, istənilən yerdə və şəraitdə insanların şəxsiyyətinə, ləyaqətinə hörmətlə yanaşıb, əvəzində də bunu tələb etməyə haqqı olub: "Türkiyənin "Hürriyyet" qəzetinin 13 - 14.08.2012-ci il tarixli saylarında dərc olunmuş jurnalist Fatih Çekirgenin yazıları ilə bağlı bildirirəm ki, barəmdə yazılanlar iftira və yalandır. Təyyarəyə 19 ədəd bilet alınması, dostlarımla birgə "biznes klass" salonunun bağladılması jurnalistin uydurmasından başqa bir şey deyildir. O ki qaldı bəhs olunan hadisəyə, onun iştirakçısı deyil, şahidi olmuşam. 
Təyyarənin "biznes" salonuna bilet alıb ailəmlə məzuniyyətə gedirdim. Qonşu cərgədə başqa bir azərbaycanlı ailəsi azyaşlı uşaqları ilə birlikdə oturmuşdu. Uçuş zamanı stüardessa ilə həmin ailənin başçısı arasında xırda mübahisə yaranmış, azərbaycanlı sərnişin stüardessanın hərəkətlərindən şikayət edəcəyini bildirmişdi. Məsələnin mənə aidiyyəti olmadığından onların söhbətinə qarışmamışam və hər hansı xoşagəlməz sözlərin işlədilməsinin şahidi olmamışam. Qeyd etmək istərdim ki, həmin şəxs nə dövlət məmuru, nə siyası partiya üzvü, nə də ki mənim ailə üzvüm deyildir.
"Hürriyyet" qəzetinin jurnalisti birinci cərgədə oturduğundan, arxada baş verənləri, kimin mübahisə etdiyini görmək iqtidarında olmadığından hadisənin təsvirində səhvə yol verib. Düşünürəm ki, peşəkar olduğunu sübut etmək üçün öz səhvini düzəldəcək və yazılan yalanları təkzib edəcək.
Öz şərəf və ləyaqətimin müdafiəsi üçün "Hürriyyet" qəzetinə və Fatih Çekirgeyə qarşı Türkiyə Respublikasının məhkəməsində iddia qaldırmaq hüququmu özümdə saxlayıram". 
Qeyd edək ki, F. Çekirge "Hürriyyet" qezetində Azərbaycandan bir məmurun təyyarədə stüardessanı hədələdiyini, onu işdən qovduracağını bildirdiyini, davranış qaydalarına əməl etmədiyini yazıb. İkinci gün isə bu məmurun "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov olduğunu qeyd edib. 
M. Cabbarov F. Çekirgeyə və "Hürriyyet" qəzetinə açıq məktib ünvanlayaraq, məktubunun dərc edilməsini də tələb edib.