Məhkəmə şirkətə 1.1 milyar dollar cəza kəsdi

12 Aprel 2012 14:21 (UTC+04:00)
Amerikanın böyük dərman şirkətlərindən olan "Johnson & Johnson" şirkətinə bir növ sakitləşdirici "Risperdal" dərmanının riskləri haqqında həkim və xəstələri səhv istiqamətləndirməsinə görə 1 milyard dollardan artıq cəza verilib.
ABŞ-ın Arkanzas əyalətindəki məhkəmədə hakim, "Johnson & Johnson " şirkətini "Risperdal" dərmanının daha təsirli və etibarlı olduğunu iddia edərək, təsdiq edilmədiyi halda uşaq və yaşlılar üçün də istifadə edilə biləcəyini deyərək səhv və yanıldıcı məlumat verdiyinə görə hökm çıxarıb.
Bu səbəblə şirkətdən 1,1 milyard dollar ödəməsi tələb olunub. "Johnson & Johnson" işə yenidən baxılmasını tələb edib, əks halda verilən qərarla bağlı şikayət edəcəyini açıqlayıb.
Şirkət rəsmiləri üç həftə davam edən məhkəmədə "məsulliyyətli şəkildə hərəkət etdikləri" ilə bağlı çox müxtəlif dəlillər təqdim etdiklərini vurğulayıb. Qərar şirkət hissələrinin dəyərinin itməsinə səbəb olub.
"Risperdal" adlı antipsikotik dərman şizofreniya, bipolar problemlər və otizm xəstələrindəki əsəbilik halına qarşı istifadə edilir.
"Johnson & Johnson" haqqında "Risperdal" preparatının səhv istiqamətləndirici şəkildə satışa çıxardığı iddiasına görə Arkanzasdan başqa əyalətlərdə də açılmış məhkəmə çəkişmələri var.
Şirkət əvvəllər də bunun kimi bəzi məsələlərə görə təqsirləndirilib və pul cəzası verilib. Ancaq bunların heç biri Arkanzasdakı qədər yüksək məbləğli olmayıb.
1994-cü ildə bazara çıxarılan "Risperdal" "ikinci nəsil bir antipsikotik" olaraq təyin olunur.
Dərmanın yenidən istehsal edilərək bazara çıxarılması şirkətə milyardlarla dollar qazandırıb.
Ancaq "Risperdal" və buna oxşar antipsikotik dərmanların yaşlı xəstələrdə iflic və ölüm riskini artıra bilməsi, çəkinin artması və şəkər xəstəliyinə yol aça bilməsi ilə bağlı fikirlər irəli sürülüb.

Ziba Yusifova