Yeni binalarda mənzillərin sığortalanması müşkülə çevrilib

1 Aprel 2015 10:40 (UTC+04:00)

Artıq çoxdandır ki, mənzillərin icbari sığortası haqqında qanun qüvvədədir. Amma buna baxmayaraq, vətəndaşların böyük əksəriyyəti hələ də mənzillərini icbari sığortaya cəlb etməyə meyl göstərmir. Mənzillərin icbari sığortalanması sahəsində mövcud olan vəziyyət özünü yeni tikilən yaşayış evlərində daha çox göstərir. Yəni, sığortadan yayınan mənzillər arasında yeni tikilən evlər daha çox üstünlük təşkil edir. Görəsən, belə vəziyyətin yaranmasına səbəb nədir? Problem nədən qaynaqlanır?

Əmlak Ekspert Mərkəzinin sədri Ramil Osmanovun fikrincə, sənədləşmə sahəsində olan problemlər yeni tikilən mənzillərin icbari sığortalanmaya cəlb edilməsi prosesini də ləngidir: "Ölkə əhalisi hələ icbari sığortanın nə olduğunu, onun mülkiyyətçiyə nə verə biləcəyinmi tam olaraq dərk etmir. Bu istiqamətdə sığorta şirkətlərinin özləri üzərindəki məsuliyyət də kifayət qədər böyükdür. Məsələn, sığorta şirkətləri bu gün faktiki olaraq, sığorta portfeli ilə bağlı vətəndaşları, istehlakçıları məlumatlandırmaqda maraqlı görünmürlər. Verilən reklamlar da çox aşağı səviyyədədir. Məsələn, sığorta haqqında qanunvericiliyə görə, sığorta şirkəti gəlirinin müəyyən hissəsini həmin istiqamət üzrə reklamlara yönəltməlidir. Amma təəssüf ki, Azərbaycandakı sığorta şirkətləri bu istiqamətdə passivdir. İcbari sığorta isə sığortanın elə bir növüdür ki, bu gün vətəndaşlar onunla bağlı kifayət qədər az məlumatlıdır, bunun onlara nə verə biləcəyini tam olaraq başa düşmürlər. Həmçinin, mənzilini icbari sığorta etdirməyən mülkiyyətçiyə qarşı inzibati qaydada tədbirlərin görülməsi istiqamətində də müəyyən problemlər var, burada da imkanlar məhduddur. Bu baxımdan da vətəndaş müəyyən qədər vəsait sərf edib sığortalanmaq istəmir. Sığortalanmayan mənzillər arasında yeni tikilənlərin üstünlük təşkil etməsinin kökündə isə yeni tikililərdə sənədləşmə ilə bağlı ciddi problemlərin olması faktları dayanır. Əksər bu tip mənzillərin qeydiyyat sənədləri qaydasında deyil. Müqavilələr tam deyil, mülkiyyətçilik hüququnu təsdiq edən sənədlər mövcud deyil. Ona görə də sığortalanmamaq məsələsi yeni tikililərdə daha dərindir".

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev də bu qənaətdədir ki, yeni tikilən mənzillərin sənədlərlə bağlı problemləri onların məcburi sığortalanmadan yararlanmalarına imkan vermir: "Hazırda bildiyimiz kimi, yeni tikilən binalardakı mənzillərin əsas problemi onların hüquqi mövcudluğunu təsdiq edən sənədin olmaması faktıdır. Yəni, yeni mənzillərin "kupça"sı yoxdur, dövlət reyestrində qeydiyyata alınmayıb. Ona görə də yeni mənzillər bir sıra iqitsadi proseslərdən kənarda qalıb. Belə olan halda kredit götürmək istəyən mülkiyyətçi evini girov da qoya bilmir. Yeganə olaraq onun ancaq kommunal xidmət xərcləri ödənilir. Azərbaycanda daşınmaz əmlak məcburi olaraq sığorta olunmalıdır. Digər mənzillərdə bu istiqamətdə problem yoxdur. Amma yeni tikililərin sənədi olmadığından, onlar bu sığortadan yayına bilirlər. Aydın məsələdir ki, icbari sığorta məsələni tam həll edə bilməyəcək. Burada könüllü sığortanın olması da mütləqdir. Çünki, icbari sığorta məhdud həcmdə vəsait ayırır. Amma könüllü sığorta ilə vətəndaş gələcəkdə baş verə biləcək proseslərdən evini daha böyük həcmdə sığortalaya bilər. Bütün hallarda yeni mənzillərin status məsələsi, reyestrdən çıxarışın olmaması həmin evlərə sahib mülkiyyətçilərin icbari sığortaya getmələrinə əngəl olur. İkinci bir tərəfdən, bu istiqamətdə insanların biliklərinin az olması, işin mahiyyətini onların tam başa düşə bilməməsi də yeni mənzillərdə icbari sığorta məsələsinin zəif olmasını şərtləndirən amillərdir. Habelə, sığorta şirkətlər insanların məsələ ilə bağlı lazımı səviyyədə maarifləndirilməsi istiqamətində işlərini düzgün qurmur. Həm də bəzi ödənişlərlə bağlı problemlərin mətbuatda yer alması insanlarda sığorta şirkətlərinə münasibətdə etibarsızlıq yaradıb. İnsanlar düşünür ki, verdikləri sığorta pulunu lazımı anda ala bilməyəcək. Bütün bu amillər son nəticədə ona gətirib çıxarıb ki, Azərbaycanda sığorta sistemi, o cümlədən evlərin sığortalanması normal inkişaf etməyib".