Bakının tıxac dərbi böyüyür

1 Aprel 2015 10:50 (UTC+04:00)

2015-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycana 7511 ədəd avtomobil idxal olub. Bu da, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 5651 ədəd və ya 43% azdır. İdxalın həcminin azalmasına baxmayaraq, nəqliyyat sferasında dəyişməyən yenə də tıxac problemidir. Xüsusi ilə də paytaxtın əksər küçələrində günün pik saatlarında hərəkət az qala dayanmış olur. Yolların bəzən təmirə bağlanması isə vəziyyəti bir qədər də pisləşdirir. Bu fonda Novruz bayramından sonra Bakı küçələri əvvəlki vəziyyətinə qayıdıb. Hazırda paytaxtın əksər küçə və prospektlərində tıxac var. Ancaq mütəxəssislər həllini tam şəkildə tapa bilməyən tıxac məsələsində avtomobil sayını əsas hesab etmirlər. Daha çox sürücü mədəniyyəti və infrastruktur amilləri vurğulanır.

Nəqliyyat məsələləri üzrə hüquqşünas Ərşad Hüseynov sözlərinə görə, tıxacla mübarizədə nəqliyyatın sayı önəmli deyil: "Azərbaycanda 1 milyondan artıq maşın var. Yəni, təxminən hər 8 adama 1 maşın düşür. Bu da orta dünya statistikasından aşağıdır. Yəni, Azərbaycanda avtomobil azdır. Dünyada 6 adama 1 maşın düşür. Bizdə isə deyə bilərik ki, avtomobilləşmə prosesi yeni başlayıb. Odur ki, tıxaca əsas səbəb kimi maşınların çoxluğunu göstərə bilmərik. Onsuz da Azərbaycanda maşın çox deyil. Xüsusi ilə də nəzərə alaq ki, yeni kredit, "avro" standartı şərtlərinə görə, artıq avtomobil idxalı kəskin azalıb. Problem odur ki, bizdə yol infrastrukturunun heç də hamısı standartlara cavab vermir. Avtomobildən istifadə, yol hərəkəti mədəniyyəti aşağıdır. Tıxaca bir səbəb də parklama məsələsidir. Yəni, problemin köklü həlli infrastrukturun yaxşılaşdırılması, sürücülərin qaydalara əməl etməsindən keçir. Bundan başqa, əhali ictimai nəqliyyatdan, velosipeddən istifadə etməlidir. Eyni zamanda regionların inkişaf etdirilməsi və insanların paytaxta axının qarşısını almağı sürətləndirmək lazımdır".

"Nəqliyyat Təhlükəsizliyi" Araşdırmaları və Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Hüseynlinin fikrincə də yaranmış tıxacları maşınların sayı çoxluğu ilə izah edilməməlidir: "Çünki, ölkədə avtomobilərin sayı çox deyil. Əhalinin sayını nəzərə alsaq, ölkə üzrə hər 8 nəfərə 1 avtomobil düşür. Amma problem ondan ibarətdir ki, Azərbaycanda mövcud avtomobillərin təxminən 60 faizi Bakının payına düşür. Qalan 40% avtomobilin 15%-i isə gün ərzində paytaxta daxil olub çıxır. Yəni, paytaxt gün ərzində mövcud avtomobil parkının təxminən 70-75%-i ilə yüklənir. Ölkə üzrə adambaşına düşən avtomobillərin sayı ölkədə avtomobillərin sayının çox olduğunu göstərmir. Amma paytaxtda adambaşına düşən avtomobil sayı inkişaf etməkdə olan ölkələrin göstəricilərindən çoxdur. Bu da Bakıda tıxacın yaranmasına səbəb olur. Bundan başqa, parkinqlərin şəhərin mərkəzində tikilməsi tıxac probleminə səbəb olur. Çünki, parkinqlərin mərkəzdə tikilməsi avtomobillərin həmin istiqamətdə gəlməsini daha da stimullaşdırır".

Ekspert əlavə etdi ki, yolların genişləndirilməsi tıxac problemini müəyyən qədər həll edə bilər: "Bununla yanaşı, digər metodlardan istifadə edilməlidir. Məsələn, dövlət və özəl sektorlar üzrə işə başlama saatlarının fərqli etmək mümkündür. Digər üsul, paytaxtda yerləşən ali təhsil müəssisələrinin, eləcə də dövlət qurumlarının əksəriyyətinin Bakıdan kənara köçürülməsidir".